Milan Dizayn Film Festivalının açılış mərasimi olub

Bu gün İtaliya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milan Dizayn Film Festivalının təqdimat mərasimi keçirilib. Açılış mərasimində İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini, səfirliyin əməkdaşları, İtaliyadan gələn qonaqlar, festivalın təşkilatçıları iştirak edib.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki,  İtaliya səfirliyi çoxşaxəli fəaliyyətində ölkələrimizin ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin qurulmasına önəm verir, bu istiqamətdə görülən işlərdə AzMİU-nu daim diqqət mərkəzində saxlayır, İtaliya universitetləri ilə əməkdaşlıq məsələsində ali məktəbə  yardımçı olur. “Səfirliyin dəstəyi ilə Milan Politexnik Universiteti ilə işgüzar əməkdaşlıq qurmuşuq, universitetdə Azərbaycan İtaliya Dizayn Mərkəzi açmışıq, itayan dili kursları fəaliyyət göstərir, tələbələrimiz burda italyan dili öyrənir. Hazırda Milan Politexnik Universiteti ilə ikili diplom layihəsi üzərində çalışırıq”-deyə rektor Milan Dizayn Film Festivalının Azərbaycanda, məhz AzMİU-da keçirilməsini yüksək dəyərləndirib, festivalın təşkilatçılarına təşəkkür edib.

 

İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massarini əməkdaşlığın çərçivələrinin genişlənməsini alqışlayıb,  bu festivalın dizayn ixtisasında oxuyan tələbələrin bilik və bacarıqlarının möhkəmlənməsinə, inkişafına böyük kömək edəcəyinə ümidvar olduğunu bildirib.

 

Çıxışlardan sonra tədbir iştirakçıları “Əllərin sehri” adlı filmi izləyiblər. Məlumat üçün qeyd edək ki, illik tədbir oktyabr ayında Milan şəhərində keçirilir, lakin bu il festival ilk dəfə Bakıda, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə AzMİU-da reallaşdırılır.  Festival noyabrın 1-nə qədər davam edəcək.

 



30.10.2019 | 13:26