UNEC-də akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd olunub

UNEC-də görkəmli ədəbiyyatşünas və tənqidçi alim, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan tədbir keçirilib.

 

Tədbirdə ali məktəbin rektoru, professor Ədalət Muradov, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, AMEA-nın Ədəbiyyat İnstitutunun alimləri və universitetin professor-müəllim heyəti də iştirak edib.

 

Rektor Ədalət Muradov Məmməd Cəfər Cəfərovun ədəbi-bədii irsi ilə yanaşı, ölkəmizin ictimai-siyasi inkişafında da zəngin irsə malik olduğunu diqqətə çatdırıb.

 

Akademik İsa Həbibbəyli ölkədə təhsilin bütün mərhələlərində yenilənmələrin və beynəlxalq təhsil sisteminə inteqrasiyanın aparıldığını bildirib. UNEC-in bu proseslərin önündə getdiyini və  bu ali təhsil müəssisəsinin beynəlxalq aləmdə  layiqincə təmsil olunduğunu diqqətə çatdırıb.

 

Akademik İ.Həbibbəyli Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətindən söz açıb. Onun bədii yaradıcılıqla da məşğul olduğunu vurğulayıb, universal ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı, eyni zamanda Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının elmi-nəzəri konsepsiyasının  banisi olduğunu deyib.

 

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli görkəmli alimin Nizami Gəncəvidən, Məhəmməd Füzulidən başlayaraq Hüseyn Cavidə, Səməd Vurğuna qədər söz sərrafları haqqında apardığı tədqiqatların ədəbiyyat tariximizin öyrənilməsində böyük əhəmiyyət daşıdığını bildirib.

 

Tədbirin sonunda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müəllifi olduğu kitabları UNEC-in 24/7 kitabxanasına hədiyyə edib.



01.11.2019 | 18:09