SDU-da maarifləndirici seminar-mühazirə keçirilib

Aprelin 30-da Sumqayıt Dövlət Universitetində  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Polisə Dəstək” İctimai Birliyi “İnsan alverinə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda seminar-mühazirə keçirib.

 

Tədbirdə “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, sədr müavini Şahrza Ağayev, Sumqayıt Şəhər Polis Şöbəsinin əməkdaşları və universitetin müəllim-tələbə heyəti iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov açaraq mövzunun aktuallığını, belə tədbirlərin təşkilində əsas məqsədin ümumbəşəri problem olan insan alverinə dair maarifləndirmə olduğunu vurğulayıb. Qeyd edib ki, hər il minlərlə insan, əsasən qadın və uşaq istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanı olur. İnsan həyatının xilas olunmasının önəmindən danışan prorektor bu sahədə vətəndaş cəmiyyətini daha fəal olmağa səsləyib.

 

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev insan alveri və digər cinayətlərə qarşı mübarizədə, cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması və profilaktikasında geniş ictimaiyyətin rolundan, insan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi Milli Fəaliyyət Planından, həmçinin insan alverinin tarixi, insanın köləliyə xas tərzdə, əşya kimi alınıb-satılması və s. barədə məlumat verib. Qeyd edib ki, savadsızlıq və məlumatsızlıq insan alveri cinayətlərinə zəmin yaradan amillərdəndir.  İnsan alveri ilə mübarizənin əsas məqsədi müəyyən qisim insanların köləliyə çevrilməsinin qarşısını almaq, cəmiyyəti təhlükəsiz, ədalətli və vahid vətəndaş cəmiyyətinə çevirmək, sosial ədalətin yeganə təminatçısı olan məhkəmə hakimiyyətinin nüfuzunu və etibarını təsdiqləmək, belə cinayətlərlə mübarizədə ictimai fəallığın artırılmasına nail olmaqdan ibarətdir.

 

Mövzu ətrafında suallar cavablandırılıb və iştirakçılara “İnsan alveri ilə mübarizə” kitabçaları paylanılıb.

 

Tədbirdə insan alverinə qarşı mübarizə ilə bağlı film nümayiş etdirilib. 

 



01.05.2018 | 13:59