“Nəsimidən başqa, insanı ilahi varlıq səviyyəsinə qaldıran ikinci mütəfəkkir yoxdur”

Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirib.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. Rektor qeyd edib ki, Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur: “Onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib. Biz çox qürür duyuruq ki, ölkə səviyyəsində geniş miqyasda qeyd olunan “İmadəddin Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərin tərkib hissəsinə çevrilə bildik”.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova isə rəhbərlik etdiyi ali təhsil müəssisəsində “İmadəddin Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirib ki, bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı bədii qiraət müsabiqəsi keçirilib. Bundan əlavə, universitet tərəfindən şairin qəzəlləri əsasında muğamlardan ibarət kompozisiya hazırlanıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib  ki, dünyada Nəsimidən başqa, insanı ilahi varlıq səviyyəsinə qaldıran ikinci mütəfəkkir yoxdur.

 

Daha sonra Bakı Ali Neft Məktəbi, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimlərinin ifasında Nəsiminin qəzəllərindən ibarət kompozisiyalar, “Məndə sığar iki cahan” Şur təsnifi tamaşaçılara təqdim olunub.

 

Tədbir Sami Yusifin “Sığmazam” kompozisiyasının video rekviyemi ilə yekunlaşıb.



04.11.2019 | 15:45