Koroğlu haqqında müxtəlif mənbələr üzrə məruzə

Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Maqbet Əhmədovun  “Koroğlu dastanı xalqımızın qəhrəmanlıq dastanıdır” mövzusunda ictimaiyyət üçün açıq dərsi keçirilib.

 

Açıq dərs Gəncə 22 saylı tam orta məktəbdə olub və dərsdə məktəbin müəllim və yuxarı sinif şagirdləri, eləcə də Gəncə Dövlət Universitetinin professor–müəllim heyəti iştirak edib.

 

Məktəbin direktoru Abdulla Kərimov bildirib ki, universitet alimləri ilə məktəb şagirdləri arasında keçirilən görüşlər hər bir şagirdin inkişafında, onların əsl şəxsiyyət kimi formalaşmasında  böyük rola malikdir.

 

Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev bildirib ki, bu cür açıq dərslərin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə ölkəmizin tarixini, ədəbiyyatını, ana dilini, adət-ənənələrini sevdirmək, ali təhsil müəssisəsinin nailiyyətləri haqqında məlumat vermək, eləcə də şagirdlərin gələcəkdə əmək bazarının tələbinə uyğun düzgün ixtisas seçməsinə kömək etməkdir.

 

Sonra məruzəçi, dosent Maqbet  Əhmədovun  “Koroğlu dastanı xalqımızın qəhrəmanlıq dastanıdır” mövzusunda mühazirəsi dinlənilib.

 

Məruzəçi vurğulayıb ki, tarixi mənbələrdə Koroğlunun şəxsiyyəti haqqında ilk dəfə Arakel Təbrizi özünün 1662-ci ildə qələmə aldığı "Tarix" kitabında məlumat verib:” Övliyyə Çələbinin XVII yüzilliyə aid "Səyahətnamə"sində də Koroğlu Cəlalilər hərəkatının ən görkəmli nümayəndələrindən biri kimi xatırlanıb. Eləcə də, Cənubi Azərbaycanda yaşayan tacir Eliyas Muşeqin  məlumatları böyük maraq doğurur. B.A.Karrıyev H.Samuelyana istinadən bildirir ki, Eliyas Muşeq İran şahı tərəfindən Rusiyaya göndərilir. Həştərxanda İranın gizli agenti kimi həbs edilərək topladığı "Nəğmələr" dəftəri əlindən alınır. Bu topluda Koroğlu barədə 1721-ci ildə yazılmış 13 qəhrəmanlıq nəğməsi olub. Həmin şeirlər 1954-cü ildə İrəvanda, 1969-cu ildə Bakıda işıq üzü görüb. Eliyas Muşeq nəğmələri yerli ağsaqqalların və xanəndələrin dilindən eşitdiyini bildirib”.

 

Sonda alim məktəblilərin suallarını cavablandırıb.



04.11.2019 | 17:18