“Moskva Dövlət Universitetinin filialları arasında Bakı filialı liderdir”

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında “Açıq qapı” günü keçirilib. Tədbirə 600-dən çox şagird qatılıb.

 

"Açıq qapı" günündə bildirilib ki,  bir sıra obyektiv göstəricilər, o cümlədən qəbul olunan tələbələrin sayı, professor-müəllim heyəti, magistraturanın sayı, maddi-texniki baza baxımından Bakı Filialı MDU-nun digər filialları arasında liderdir. Eləcə də filial Azərbaycanda universitetlər arasında aparıcı ali təhsil müəssisələrindən biridir.

 

Ona da diqqət çəkilib ki, 2008-ci ildə tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri ilə fəaliyyətə başlayan ali məktəbdə sonralar psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb; 2020-ci ildə fizika fakültəsində bakalavr üzrə ilk məzun buraxılışı olacaq,həmin ildən fizika fakültəsində magistratura təhsilinə başlanılacaq, beləliklə, filialda bütün fakültələr üzrə magistratura fəaliyyət göstərəcək.

 

Bütün bu uğurlarda MDU-nun Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın böyük xidmətləri qeyd olunub, həmçinin Moskva Dövlət Universitetinin rektoru  Viktor Sadovniçin filiala göstərdiyi diqqət və qayğı vurğulanıb.

 

Qeyd olunub ki, filial təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycanda nüfuzlu elmi-tədris mərkəzidir. Yəni burada elmi tədqiqatlar da aparmaq mümkündür. Filial Belarus, Qazaxıstan, Rusiyanın (Moskva) elmi, pedaqoji mərkəzləri ilə birgə layihələr reallaşdırır. Tələbələr müxtəlif ölkələrdə təcrübə keçirlər. Bakı Filialı 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi edib.

 

Xatırladaq ki, filialda tədris 2012-ci ildən əsasən Xocasəndə yerləşən mükəmməl kampusda aparılır. Burada tələbələrin təhsili və istirahəti üçün hər cür şərait yaradılıb. Tədris rus dilində, əyani təhsil formasında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir. Məzunlara bütün dünyada tanınan Moskva Dövlət Universitetinin diplomu verilir. Bu müddət ərzində təqribən 700 məzun MDU-nun diplomunu alıb. Onlar Azərbaycanda və xaricdə müxtəlif nüfuzlu qurumlarda çalışırlar.

 

Universitetin tətbiqi riyaziyyat fakültəsi üzrə elmi-tədris işinin əlaqələndirilməsinə məsul, fizika-riyaziyyat elmləri namizədi  Yevgeni Mıçka çıxışında qeyd edib ki, fakültədə oxumaq çətindir, lakin məzunların iş problemi olmur. Məzunlar müxtəlif dövlət qurumlarına, həmçinin BP, SOCAR, “Azercell”, “Azərkosmos” və digər nüfuzlu şirkətlərə işə düzəlir, maliyyə, bank sahələrində, sığorta şirkətlərində işləyirlər.

 

MDU-nun kimya fakültəsinin aparıcı elmi işçisi, kimya elmləri doktoru Yekaterina Lokteva isə deyib ki, həm Moskvada, həm də Bakıda kimya fakültəsinin laboratoriyaları ən müasir avadanlıqla təchiz edilib və bu fakültənin məzunları xaricdə nüfuzlu şirkətlərdə də çalışa bilirlər.

"Açıq qapı" günündə çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Sonra onlara xüsusi avtobuslarla Xocasəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb.



04.11.2019 | 19:23