Dneprdə yaradılan məktəbdə 50-yə yaxın azərbaycanlı dərs alır

Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları Dnepr şəhərində yeni yaradılan Azərbaycan həftəsonu məktəbinin şəraiti ilə tanış olublar.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədovun təşəbbüsü və dəstəyi ilə açılan bu məktəbdə müxtəlif yaş qruplarında 50-yə yaxın azərbaycanlı dərs alır.

 

Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Vüsal Süleymanov  bildirib ki, Ukraynada son illər Azərbaycan həftəsonu məktəblərinin sayının artması təqdirəlayiqdir. Onun sözlərinə görə bu, Ukraynada yaşayan soydaşlarımızın tariximizi, dilimizi, mədəniyyətimizi mənimsəməsinə mühüm töhfə verir.

 

Artıq Ukraynanın bir çox bölgələrində Azərbaycan həftəsonu məktəblərinin fəaliyyət göstərdiyini qeyd edən V.Süleymanov səfirliyin bu işdə hərtərəfli dəstək olduğunu vurğulayıb.

   

Tədbirdə professor Süleyman Hüseynov, diaspor fəalı Şahlar Mirzəyev, məktəbin müəllimləri-Tərifə Cəfərova, Zakiyyə Əhmədova  çıxışlarında  bildiriblər ki,  bu gün həyata keçirilən hər islahat, baş verən hər bir yenilik Azərbaycanın xoşbəxt gələcəyi naminədir.

 

Sonda dərs vəsaitləri məktəbə təqdim olunub.

       

Sifai SƏFƏROVA



05.11.2019 | 11:13