Dini radikalizmin təhlükələri

Gənclər və İdman Nazirliyi, Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici seminar keçirilib.

 

BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova deyib ki, müasir dövrümüzdə dini radikalizm cəmiyyət və dövlət üçün böyük təhlükə yaradır və bu təhlükəyə qarşı səmərəli mübarizə aparmaq üçün gənclərin maarifləndirilməsi olduqca vacibdir:”Ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri yüksək səviyyədə qurulub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva milli-dini dəyərlərə böyük həssaslıqla, xüsusi diqqət və qayğı ilə yanaşırlar”.

 

Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş üzrə sektorunun müdiri Elşən Hüseynov qeyd edib ki, müasir dünyamızda dini ekstremizm, dini radikalizm  bütün bəşəriyyət üçün ciddi  təhlükə mənbəyidir:” İslam dini sülh, əmin-amanlıq dinidir. Azərbaycandakı tolerantlıq və multikulturalizm mühiti mütərəqqi dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Gənclərimiz arasında dini təbliğat işi düzgün qurulmalı, onlar milli kimliklərini, dini mənsubiyyətlərini dəqiq müəyyən etməlidirlər. İslam dininə böyük zərbə vuran məzhəb ayrı-seçkiliyi yolverilməzdir”.

 

Sonra  Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Dini radikalizmin yaranma səbəbləri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, bu təhlükənin qarşısının alınmasında gənclərin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan BSU-da keçirilən tədbir təqdirəlayiqdir.



06.11.2019 | 12:31