“Sərhədçi” hərbi-idman oyunlarının rayon mərhələsinin qalibləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Sərhədçi” hərbi-idman oyunlarının rayon mərhələsi keçirilib.

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən hərbi idman oyunlarının əsas məqsədi gənc nəsli Vətənə, dövlət atributlarına, dövlət sərhədinə hömət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir.

 

Üç turdan ibarət yarış paytaxtın iki rayonu üzrə təşkil olunub. Oyunların nəticələrinə əsasən, Xəzər rayonu üzrə 117 nömrəli tam orta məktəbin komandası I, 185 nömrəli tam orta məktəbin komandası II və 119 nömrəli tam orta məktəbin komandası III yerin sahibi olub. Suraxanı rayonu üzrə 290 nömrəli tam orta məktəb I yerə, 270 nömrəli tam orta məktəb II yerə, 281 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

 

Yarışda iştirak edən gənclər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə atəş açılması, yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və digər meyarlar üzrə öz bacarıqlarını sınayıblar.

 

“Sərhədçi” hərbi-idman oyunlarının rayon mərhələsində I, II və III yerin sahiblərinə diplomlar təqdim olunub.

 

Qeyd edək ki, birinci yerin qalibləri mayın sonunda keçirilməsi nəzərdə tutulan “Sərhədçi” hərbi-idman oyunlarının zona mərhələsində iştirak edəcəklər.

 



01.05.2018 | 17:58