BANM-ın tələbələri yaz semestrini Yunanıstanda təhsil alacaqlar

Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi 2017/2018-ci tədris ilinin yaz semestrində  təhsillərini Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS)  davam etdirəcəklər. Erasmus+ proqramı çərçivəsində həyata keçirilən bu layihə vasitəsilə Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 5 tələbəsinin Yunanıstana göndərilməsi qərara alınıb.

Ali Məktəbin rektoru Elmar Qasımov həmin tələbələrlə görüşüb. Görüşdə  tələbələrin valideynləri və yaxınları da iştirak ediblər.

Rektor qeyd edib ki, bu hadisə tələbələrin həyatında önəmli yer tutacaq, onların dünyagörüşlərinin daha da təkmilləşməsinə və biliklərinin artmasına öz müsbət təsirini göstərmiş olacaq.    

Görüşdə valideynlər tələbələrə  göstərdiyi diqqət və qayğıya, eyni zamanda onların potensial kadr kimi yetişməsi üçün atdığı bütün addımlara görə rektora öz minnətdarlıqlarını bildiriblər.

Ali Məktəbdən verilən məlumata görə, sonuncu kurs tələbələri olan Məmməd Cəbrayılov, Rəhim Rəhimli, Şamil Ömərov və Qulu Quluyev elmi yaradıcılıq və tədqiqat fəaliyyətləri, BANM-ın "Əşyaların interneti" adlı laboratoriyasında gördüyü işlər, akademik göstəriciləri və sosial fəallığı nəzərə alınaraq seçiliblər. Onlar buraxılış işlərini Pirey Tətbiqi Elmlər Universitetində bitirmək şansı əldə ediblər. Digər bir tələbə - üçüncü  kursda təhsil alan Nicat Həsənov isə bir semstrlik BANM-da keçəcəyi fənlərinin eynisini PUAS-da keçəcək. 

 

Yusif ƏLİYEV

        



21.02.2018 | 16:30