Cəlil Məmmədquluzadənin 150 illik yubileyi

AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında görkəmli demokrat yazıçı və ictimai xadim, “Molla  Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib.

 

Muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yazıçının həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Bildirib ki, C.Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. O, Azərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist və publisist olmaqla yanaşı, həm də böyük dramaturq və nasir kimi tanınır.

 

Kürdəmir şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva  deyib ki, C.Məmmədquluzadənin əsərlərində yaşadığı dövrün real hadisələri olduğu kimi təsvir edilib, adi ailə-məişət məsələləri əyani və bədii şəkildə ustalıqla qələmə alınıb.

 

Daha sonra ədibin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib, məktəblilərin ifasında yazıçının  satirik şeirləri səslənib, “Ölülər”, “Anamın kitabı” dram əsərlərindən  səhnəciklər göstərilib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən, böyük yazıçının yubileyi ölkəmizdə qeyd olunur, bu tədbir də həmin silsilədəndir.  



14.11.2019 | 18:15