“İtaliyada seçilmiş 7 pianoçudan biri də mən oldum”

İstedadı və qeyri-adiliyi ilə yaşıdlarından fərqlənən bu qızla Elmlər Akademiyası metro stansiyası yaxınlığındakı Hüseyn Cavid bağında görüşdük. 10 yaşlı müsahibim öncə onun haqqında hansı mətbu orqanında məqalə dərc olunacağı ilə maraqlandı. Qəzetimizin adını eşidəndə sevincini gizlədə bilmədi. Dedi ki, bu qəzet biz şagirdlərin idmanda, musiqidə, təhsildə və başqa sahələrdə qazandığımız uğurlarla bağlı maraqlı məqalələr də dərc edir. Söhbətə yenicə başladığım bu istedadlı qızın qəzetimizə verdiyi qiymət ona olan marağımı bir daha artırdı. O, bağın sakit bir guşəsində oturacaqda yerini rahatladıqdan sonra həyatının musiqi ilə bağlı olan maraqlı anlarını aramla mənim də yaddaşıma köçürməyə başladı. Yaşadığı sevinc hisslərini mənə də yaşatdırdı. Çox xoş idi yeniyetmə bir qızın gərgin zəhmət hesabına qazandığı uğurlar barədə söhbəti onun öz dilindən eşitmək. Belə məqamda qürur hissi keçirməmək mümkün deyildi.

 

Qran-pri mükafatı

 

Bakıdakı T.Həsənov adına 23 nömrəlı tam orta məktəbin şagirdiyəm. Eyni zamanda, paytaxtdakı G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə Əməkdar müəllim Kamilla Əmirovanın sinfində təhsil alıram. 2017-ci ilin dekabrında Avstriyanın Vyana şəhərində keçirilən pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində uğurla iştirak etdim. Müsabiqədə İ.S.Baxın “İkisəsli invensiya”, F.Şopenin “Polonez” və P.İ.Çaykovskinin “İlin fəsilləri” məcmuəsindən “Mart” əsərlərini məharətlə ifa etdim və ən yüksək mükafata - Qran-priyə layiq görüldüm.

 

Uğurlarımı 8-9 yaşlarımda qazanmışam

 

2016-cı il mənim üçün yaddaqalan oldu. “Mozart Academy”də keçirilən Beynəlxalq Piano Müsabiqəsində iştirak etdim və II yerin sahibi oldum. İzmirdə keçirilən Beynəlxalq Piano Müsabiqəsində II, 2017-ci ildə “Clavi Cologne Beynəlxalq Piano Müsabiqəsində I, Almaniyanın Köln şəhərində təşkil olunan Beynəlxalq Piano Müsabiqəsində isə II yerlərə layiq görüldüm. Bir-birinin ardınca qazandığım uğurlar məni daha da ruhlandırır, öz üzərimdə  daha səylə çalışmağa sövq edirdi. Bu nailiyyətləri mən hələ 8-9 yaşlarımda  qazanmışam.

 

Yay tətilim  mənə bol-bol sevincli anlar yaşatdı

 

Tətil günlərində vaxtımı istirahətə yox, musiqiyə sərf etdim. Dünya klassiklərinin əsərlərini məşq etməyə başladım. Nənəm mənim ifalarımdan doymur, ilk yüksək qiymətlərimi də elə o verirdi. Ümumiyyətlə, hər dəfə ifalarıma qulaq asdıqca neçənci yerin sahibi olduğumu qabaqcadan söyləyir mənə  sevimli Validə nənəm... Tətil günlərində beynəlxalq müsabiqələrə  də qatılmışam. Xorvatiyanın Trogir şəhərində keçirilən “Summer Con Spirito 2019” beynəlxalq musiqi məktəbində və beynəlxalq festivalında professor Mira Marçenkonun ustad dərslərində iştirak etmişəm. İtaliyanın Breşiya şəhərində keçirilən “Talent Music Summer Courses and festival 2019” adlı müsabiqədə iştirak edərək birinci yeri qazanmışam.

 

Hər il İtaliyanın Breşiya şəhərində dünyanın istedadlı gənc pianoçuları üçün yay musiqi kursları və festivalı təşkil olunur. Mən də bu tədbirə dəvət alıb və görkəmli pianoçu Sergey Milşteynin sinfində ustad dərsləri keçdim. Breşiya şəhərində kurs keçən zaman  festivalda pianoçu kimi iştirak etdim və 12 nəfərdən 6 istedadlı gəncin siyahısında adım çəkilərək orkestrlə birgə çıxış etmək imkanı qazandım.

 

10 yaşlı Ləman

 

Adımı eşidəndə hamı təəccübləndi. Çünki məndən başqa seçilənlər bakalavr, ya da magistr dərəcəsində təhsil alanlar idi. Mən isə 10 yaşlı balaca bir qız... Bütün tamaşaçıların baxışları mənə dikilmişdi.  Orkestrlə birgə konsertdə “W.A.Mozart Piano Concerto 12” əsərini məharətlə ifa etdim.

 

Beynəlxalq müsabiqələrdən üzüağ çıxmışam

 

Hər dəfə səhnəyə çıxanda həyəcanlı oluram. Beynəlxalq müsabiqə və festivallarda isə həyəcanım ikiqat artır.  Çünki vətəndən kənarda ölkəmizi, doğma məktəbimi təmsil, müəllimlərimdən öyrəndiklərimə arxalanıb tamaşaçı qarşısında inamla çıxış edirəm. Amma xoşbəxtlikdən  həyəcan heç zaman mənim  ifama  mane ola bilməyib. Bütün beynəlxalq müsabiqələrdən üzüağ çıxmışam.

 

Qeyd edim ki, İtaliyada keçirilmiş “Gioventu Festivalı”nda da iştirak etdim. İtaliyada nadir istedada malik olan ifaçılarla bağlı hər il keçirilən “Wunderkinder a Toblach 2019” ilin dəyərləndirilmə siyahısında seçilmiş 7 gənc pianoçudan biri də mən oldum. Bu uğurlarıma görə İtaliyanın Dobiakko bölgəsində “Festival della Gioventu 2019” adlı seminara dəvət almışam. 

 

Bakı Musiqi Akademiyasında Təhsil Nazirliyinin dəstəyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Simurq” musiqi festivalına 100-ə yaxın gənc pianoçu qatılmışdı. Onların arasında mənim də adım vardı. Qarşıma məqsəd qoydum ki, birinci olacağam, oldum da.

 

Həmin gün sevincimi anamla bölüşdüm. Anam deyir ki, Ləman balam, səninlə fəxr edirəm, sən mənim vüqarımsan, məni yaşadan sənin musiqi yarışmalarındakı  qələbələrindir.

 

İlk dəfə olaraq solo konsertlə çıxış etdim

 

2018-ci il mənim üçün uğurlu oldu. İlk dəfə olaraq pianoda solo konsertlə çıxış etdim. Tamaşaçıların alqışları məsuliyyətimi daha da artırırdı.  Şükür  ki, konsertim uğurlu alındı. Həmin ilin iyun ayında İtaliyanın Milan şəhərində keçirilən “İstedadlı pianoçular” müsabiqəsinə qatıldım və  orada da qalib oldum. Oktyabr ayında isə “Premio Citta Di Padova” Beynəlxalq müsabiqəsində iştirak üçün yenidən İtaliyaya dəvət aldım. İtaliyada tez-tez olduğumdan elə bilirəm ki, orada hamı məni tanıyır.

 

2019-cu ildə Rusiya Federasiyasının Lipetsk şəhərində  “K.İqumnov adına Beynəlxalq gənc pianoçuların müsabiqəsi” keçirilirdi, mən də həmin  yarışmada  iştirak etdim və  II yerin sahibi oldum. Həmin il Belçikanın Kraynem şəhərində keçirilən “Cezar Frank adına beynəlxalq piano müsabiqəsi”ndə də iştirak etmək imkanı qazandım və  yenə də  II yeri tutdum. Sevinirəm ki, Mira Marçenko, Aleksandr Gindin, Daniil Sayamov, Tatyana Titova, Filipp Raskin, Sergey Milşteyn, Yuri Boqdanov və Vinsento Balzani kimi dahi pianoçulardan master-klass dərsləri almışam.

 

Uğurlarımın qazanılmasında müəllimimin əməyi danılmazdır

 

Moskvada keçirilən “Musiqili Krasnoqorsk” festivalının iştirakçısı olaraq “Zəfər muzeyi”ndə təşkil olunan konsertdə  nadir piano ifaçılarından biri Vaxtanq İmanovun dirijorluğu ilə kamera orkestrində, Mustafa Mehmandarovun dirijorluğu ilə “Xəzər” Kamera Orkestrində və A.Xaçexin dirijorluğu ilə Bazzini Consort Orkestrində çıxış etmək imkanı əldə etdim. Mən  öz potensialıma inanıram. Gələcək planlarımsa  çoxdur. Bütün nailiyyətlərimin qazanılmasında  sevimli  müəllimim Kamilla Əmirovanın misilsiz əməyi danılmazdır. Onun yetirmələri respublika və beynəlxalq piano müsabiqələrinin laureatları, I, II yerlərin qalibləri və Qran-pri mükafatçılarıdır. Mən də onlardan biriyəm və öz müəllimimlə fəxr edirəm. Arzularım  çoxdur. Musiqimizi dünya arenalarında, böyük səhnələrdə  tanıtdırmaq ən ümdə arzumdur.  Xoşbəxtliyimi də elə onda tapacağam.

 

Sifai SƏFƏROVA



15.11.2019 | 15:41