“Ali təhsil müəssisəsində kredit sistemi ilə tədrisin təşkili”

Bakı Slavyan Universitetində (BSU) Pedaqoji fakültədə təhsil alan tələbələr üçün “Kredit sistemi, beynəlxalq mübadilə proqramları və fakültə tələbələrinin bu proqrama qoşulma yolları” mövzusunda seminar keçirilib.

 

Pedaqoji fakültənin dekanı Dilarə Hacıyeva seminarın mahiyyətindən danışıb, kredit sisteminin tədrisin keyfiyyətinə müsbət təsir göstərdiyini qeyd edib. O bildirib ki, fakültədə təhsil alan tələbələrin əksəriyyəti ixtisasından asılı olmayaraq beynəlxalq mübadilə proqramlarında iştirak etməyə xüsusi maraq  göstərir.

 

Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov BSU-nun beynəlxalq əlaqələri, xarici universitetlərlə, xüsusən Rusiyanın qabaqcıl universitetləri ilə BSU arasındakı müəllim-tələbə mübadiləsi barədə iştirakçılara məlumat verib.

 

Onun sözlərinə görə, hazırda universitetin bir qrup tələbəsi Çexiya Respublikasının Karl Universitetində təhsil alır, o cümlədən yaxın günlərdə Çexiyadan BSU-ya mübadilə proqramı ilə çex dilini tədris etmək üçün müəllim gələcək. Prorektor beynəlxalq mübadilə proqramları ilə xaricdə təhsil almaq istəyən gənclərin dil biliklərinə, xüsusən rus və ingilis dillərinə mükəmməl səviyyədə yiyələnmələrinin vacibliyini də bildirib.

 

Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Leyla Musayeva boloniya prosesi, kredit sisteminin Azərbaycan təhsilində tətbiqi barədə geniş məlumat verib. BSU-da həyata keçirilən beynəlxalq mübadilə proqramlarından danışan L.Musayeva bu proqramların gənclərin özünüinkişafına yüksək təsir göstərdiyini vurğulayıb.

 

Tədbirdə Pedaqoji fakültənin dekanı  “Ali təhsil müəssisəsində kredit sistemi ilə tədrisin təşkili” barədə slaydı təqdim edib.



15.11.2019 | 17:48