“Narkomanlığa qarşı mübarizədə gənclərin rolu”

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov və digər qurumların nümayəndələri iştirak ediblər.

 

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı, bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.

 

Bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox vacibdir.

 

E.Ağayev narkomaniya probleminə qarşı aparılan  mübarizə tədbirlərindən də danışıb.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov qeyd edib ki, bu cür tədbirləri təşkil etməkdə məqsəd narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr haqqında məlumat və tövsiyələr vermək, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparmaqdır.  

 

Daha sonra Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin böyük məsləhətçisi Könül Əfəndiyeva, Səbail Rayon Polis İdarəsinin rəis müavini Orxan Axundzadə və Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb, narkotik vasitələr və onun törətdiyi fəsadlar barədə tədbir iştirakçılarına geniş və ətraflı məlumat veriblər. Qeyd ediblər ki, müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb.

 

Cəmiyyətin bu bəladan qurtulması üçün yeniyetmə və gənclərə zərərli vərdişlərin fəsadları haqqında mütəmadi məlumat verilməsinin vacibliyi də vurğulanıb.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.



15.11.2019 | 19:50