“Azadlıq mücahidi”

Sumqayıt Dövlət Universitetində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, tanınmış publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun  anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Azadlıq mücahidi” adlı elmi seminar keçirilib.

 

Universitetin rektoru, professor Elxan Hüseynov tədbirin Azərbaycan Prezidentinin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gəldiyini,  Təhsil Nazirliyinin Tədbirlər planına əsasən təşkil olunduğunu bildirib.

 

Rektor  Əhməd bəy Ağaoğlunun milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanındığını söyləyib:” Əhməd bəy daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tutub... O, 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizli “Difai” (müdafiə) təşkilatını qurub. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olan ictimai xadim Cümhuriyyətin Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində yer alıb. Cümhuriyyətin süqutundan sonra digər soydaşlarımız kimi bir daha vətənə qayıda bilməyib.Ə.Ağaoğlu ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub...”.

 

Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nemət İbayev “Ağaoğlunun gənclərin maariflənməsi yolunda ictimai-siyasi fəaliyyəti” , Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Cavid Məmiyev “Əhməd bəy Ağaoğlunun türkçülük görüşləri” mövzularında məruzə ilə çıxış ediblər.  Ə. Ağaoğlunun mürəkkəb və çətin keçən həyat yoluna dair, xüsusilə onun XX əsrin əvvəllərində turkçülüyün təbliği, islam tarixi, milli şüurun yüksəlişi sahəsində fəaliyyəti ilə bağlı faktlar səsləndirilib.

 

Tədbirdə tələbələrin Əhməd bəy Ağaoğlunun bədii-fəlsəfi görüşləri əsasında hazırladıqları “Sərbəst insanlar ölkəsində” adlı səhnəcik nümayiş olunub.

 



16.11.2019 | 15:35