Avropa Azərbaycan Məktəbində “Beynəlxalq gün”

Avropa Azərbaycan Məktəbində payız tətili ərəfəsində “Beynəlxalq gün” keçirilib.

 

Məktəbin təşkilatçılığı, valideynlərin fəal dəstəyi və iştirakı ilə ayrı-ayrı sinif otaqlarında Azərbaycan, ABŞ, Hindistan, Rusiya, İtaliya, Türkiyə, Qazaxıstan, Almaniya, Fransa, İndoneziya, Avstraliya, Bolqarıstan kimi ölkələrə həsr edilmiş maraqlı təqdimatlar olub,  şagirdlərə yer kürəsində mədəniyyətlərin müxtəlifliyi nümayiş etdirilib.

 

Məktəbəqədər qruplarda və ibtidai siniflərdə təhsil alan uşaqlar dünya xalqlarının mədəniyyəti, milli geyimləri, adət-ənənələri ilə yaxından tanış olublar. Onlar hamının bu dünyada yaşayıb-yaratmaq haqqı və hüququ olduğunu, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanların bir-birinə hörmətlə yanaşmaq, anlamaq və s. keyfiyyətlərə malik olmağın vacibliyini daha dərindən dərk ediblər.  

 

Şagirdlər sinifləri bir-bir gəzərək, özlərini sanki müxtəlif  ölkələrdə hiss edib,  yeni məlumatlar alıb, həm də çox əyləniblər.

 

“Beynəlxalq gün” tədbirlərindən, həm də valideynlər zövq alıb:

 

Lingling Vibovo, İndoneziya təmsilçisi: “Beynəlxalq gün”lərin keçirilməsi çox yaxşı haldır. Uşaqlar İndoneziyanın mədəniyyəti, tarixi, insanları ilə maraqlanır; verdikləri suallar bunu deməyə əsas verir. Onlar çox sevinirdilər, bundan biz valideynlər də özümüzü xoşbəxt hiss etdik.

 

Nigar Ağabəyli: Bu gün biz Bolqarıstanı təmsil etdik. Şagirdlərin sevinci bizi daha da ruhlandırırdı. Onlara kiçik hədiyyələr verdik. Gələn il yenə də bu tədbirdə mütləq iştirak edəcəyəm.

 

Sevinc Xankişili: Fikrimcə, bu, gözəl tədbirdir. Uşaqların dünyagörüşünün formalaşmasında çox müsbət rol oynayacaq. İtaliya və  Qazaxıstan təmsilçilərinin təqdimatları, çıxışları daha çox xoşuma gəldi.



18.11.2019 | 16:37