“ENACTUS BEU” komandasının fəaliyyəti müzakirə olunub

Bakı Mühəndislik Universitetində (BMU) beynəlxalq proqram çərçivəsində qurulmuş “ENACTUS BEU” komandasının fəaliyyəti müzakirə olunub.

 

BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov iştirakçılara komandanın universitetdə təşkili və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

 

Universitetin  Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov belə beynəlxalq proqramların tələbə və müəllimlər üçün əhəmiyyətindən danışıb. Prorektor yeni qurulmuş komandanın işinə uğurlar arzulayıb, “ENACTUS BEU” komandasının yeni seçilmiş kapitanı, İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasının II kurs tələbəsi Nicat Nəbiyevi tədbir iştirakçılarına təqdim edib.

 

“ENACTUS Azərbaycan” təşkilatının proqram direktoru Əziz Fələkzadə tələbə komandalarının formalaşmasında vacib məqamları, komanda arasında vəzifə bölgüsünün əhəmiyyətini qeyd edib. O, komanda formasında hazırlanacaq layihələr və müxtəlif nümunələr, həmçinin, hər il təşkil olunan ENACTUS-un Milli yarışından və Dünya Kubokundan söz açıb.

 

Ə.Fələkzadə 2020-ci ilin may ayında keçiriləcək Milli yarışda 1-ci yerin qalibi olacaq ENACTUS komandasının Dünya Kuboku üçün Niderlandda öz layihələrini və ölkəsini  təmsil etmək şansının olduğunu bildirib.

 

Qeyd edək ki, ENACTUS sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderləri bir araya gətirən beynəlxalq təşkilatdır. Təşkilat ilk dəfə 1975-ci ildə ABŞ-da Robert Davis tərəfindən SIFE (Student in Free Enterprise) adı ilə təsis olunub və bu gün 37 ölkədə rebrendiqdən sonra ENACTUS adı ilə fəaliyyət göstərir.

 

BMU-nun “ENACTUS BEU” komandası ENACTUS Azərbaycan təşkilatının üzvüdür.



18.11.2019 | 17:55