35000-dən artıq insanı görüşdürən Forum

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində VIII Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb.

 

Rusiyanın Mədəniyyət Nazirliyinin nümayəndələri, Rusiya və xarici ölkələrin mədəniyyət təşkilatlarının rəhbərləri daxil olmaqla,  91 ölkənin 35000-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən forumda   Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova da daxil olub.

 

Dövlət Ermitaj Muzeyinin baş qərargahında keçirilən Forumun rəsmi açılış mərasimində çıxış edən Rusiyanın baş nazirinin müavini Olqa Qolodets bildirib ki, builki tədbir bir sıra göstəricilərinə görə əvvəlkilərdən fərqlənir. İştirakçıların sayı 35 min nəfəri ötüb və 100-dən artıq ölkədən mütəxəssislərin iştirakı ilə müxtəlif məkanlarda 350-dən çox tədbir keçiriləcək.

 

Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov çıxış edərək, Forumun əhəmiyyətindən, şəhərin tarixi-mədəni irsindən söz açıblar. Qeyd edilib ki, beynəlxalq tədbir Sankt-Peterburqun mədəni zənginliyinə investisiya cəlb etməyə kömək edəcək.

 

Forum çərçivəsində Rusiyanın və digər ölkələrin nümayəndələri ilə görüşlər də keçirilib. Görüşlərdə mədəni əlaqələrin mövcud durumu və inkişaf perspektivləri, habelə 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “iştirakçı ölkə statusunda maraqlı proqram təqdim edəcəyi barədə məlumat verilib.

 

“Lendok” Açıq Film Studiyasında  Azərbaycanın Mədəniyyət nazirinin müavini S. Məmmədəliyeva ilə Rusiyanın Mədəniyyət nazirinin müavini P. Stepanov arasında görüş keçirilib.

 

Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən danışan P.Stepanov Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı əsərinin motivləri əsasında çəkilmiş və Rusiya Dövlət Film Fondunun arxivində saxlanılan “Arşın mal alan” filminin müasir kino texnologiyaları vasitəsilə təmizlənmiş və rus dilində olan versiyasını diqqətə çatdırmaqdan şərəf duyduğunu bildirib.

 

Professor Ceyran Mahmudova Forum çərçivəsində keçirilən tədbirlərdə iştirak etməklə yanaşı, həm də bir sıra mühüm görüşlər keçirib, əməkdaşlıq münasibətləri qurub.

 

Belə ki, Sankt-Peterburq Dövlət Mədəniyyət Universitetinin rektoru, professor Aleksandr Sergeyeviç Turqayevlə  görüş keçirilib. Görüşdə iki universitet arasında qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub və əməkdaşlıq müqaviləsinin yenilənməsi haqqında razılıq əldə edilib.

 

Azərbaycan nümayəndə heyəti, həmçinin Marinski teatrının Yeni səhnəsində baş tutan rəsmi açılış mərasimində və qala konsertdə də iştirak edib.  Forum iştirakçıları qarşısında çıxış edən  Rusiyanın baş naziri Dmitri Medvedev  deyib ki,  35 mindən artıq forum iştirakçısı burada yalnız öz işlərini təqdim etmir, həm də dialoq qurur. 



19.11.2019 | 11:30