Beynəlxalq elmi-praktik konfrans başlayır

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda doktorant, magistrant və bakalavrların beynəlxalq elmi-praktik konfransı keçiriləcək.

 

Konfransa hazırlıq işləri artıq tam başa çatıb və onun işi Azərbaycanın beynəlxalq münasibətlər tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri”, “Yeni dünya nizamı: XXI əsrin çağırışları”, “Azərbaycanın xarici siyasət konsepsiyası və diplomatik əlaqələrinin inkişafında Heydər Əliyev amili”, “İlham Əliyev dövlət başçısı və peşəkar diplomat kimi”, “Azərbaycanın diplomatik xidmət orqanlarının formalaşması və təkamülü prosesi”, “Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi–Azərbaycan”, “Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri”, “Azərbaycan Respublikasında humanitar elmlərin aktual problemləri”, “Azərbaycanın görkəmli diplomatları tarixi mənbələrdə və bədii yaradıcılıqda” bölmələri üzrə aparılacaq.

 

Məlumat üçün bildirək ki, konfransa 300-dən çox tezis daxil olub. Tezislər Təşkilat Komitəsi tərəfindən araşdırılıb və 208 tezis qəbul edilib. Bu tezislərdən 27-si doktorantura , 23-ü magistratura, 158-i isə bakalavriat səviyyəsinə aiddir. Bir çox xarici ölkələrdən-Çexiya, Rusiya,Türkmənistan, Qambia, Çin və digər ölkələrdən doktorant, magistrant və bakalavrların tezisləri qəbul olunub. Ümumilikdə 25 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasından məruzəçilərin tezisləri qəbul edilib.

 



19.11.2019 | 15:00