AzTU tələbələrinin spartakiadası başa çatıb

Azərbaycan Texniki Universitetində (AzTU) idmanın 6 növü – futzal, voleybol, şahmat, stolüstü tennis, badminton və nərd üzrə keçirilən spartakiada yarışları başa çatıb.  Bu münasibətlə AzTU-nun İdman Sarayında mükafatlandırılma mərasimi keçirilib. 

 

AzTU-nun  rektor əvəzi, professor Xalıq Yahudov 9 fakültənin  tələbələri və əməkdaşları arasında keçirilən yarışların  qaliblərini təbrik edib. Rektor əvəzi ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə, bütün sahələrə olduğu kimi bədən tərbiyəsi və idmanın yüksəlməsinə də xüsusi diqqət yetirdiyini vurğulayaraq bildirib ki, məhz AzTU-nun İdman Sarayı da SSRİ dövründə ulu öndərin səyi ilə inşa edilib. Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıya, ölkəmizdə keçirilən beynəlxalq yarışlara və idmançılarımızın  müxtəlif idman növləri üzrə qazandığı nailiyyətlərə diqqət çəkən professor Xalıq Yahudov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib.

 

Sonra komanda yarışlarında və təkbətək mübarizələrdə I, II və III yerləri qazanan qaliblər mükafatlandırılıb. 

 

Tələbələr arasında komanda yarışları üzrə I yerin qalibi maşınqayırma fakültəsi, II yerin qalibi mühəndis biznesi və menecment fakültəsi, III yerin qalibi isə xüsusi texnika və texnologiya fakültəsi olub.

 

Əməkdaşlar arasında keçirilən komanda yarışlarında isə mühəndis biznesi və menecment fakültəsi qalib olub. Bu yarışlarda avtomatika və kompüter texnikası fakültəsi II, xüsusi texnika və texnologiya fakültəsi III yeri qazanıb.

 

Komanda yarışlarında və təkbətək mübarizələrdə yüksək yer tutan tələbə və əməkdaşlara, həmçinin Spartakiadanın təşkilatçılarına AzTU-nun fəxri diplomları, üzərində ulu öndərin şəkli olan xatirə medalları və kuboklar təqdim edilib.

 



03.05.2018 | 11:53