Azərbaycanlı alim beynəlxalq konfransda

Kiyevdə “Geoloji proseslərin və ətraf mühitin ekoloji şəraitinin monitorinqi” XIII beynəlxalq elmi konfrans keçirilib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanov “Atəşgah strukturunun geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi (Bakı arxipelaqı neftli-qazlı rayonunun timsalında)” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzənin həmmüəllifləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz geologiyası kafedrasının müdiri Mayis Babayev, dosent Nəriman Nərimanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşı, geologiya-mineralogiya elmləri namizədi Qəhrəman Qəhrəmanov və geologiya və mineralogiya elmləri namizədi Sergey Şpırkodur.

 

Məruzədə hövzədə çöküntü toplanmanın sürəti ilə toplanan üzvi maddənin miqdarı arasında düz mütənasibliyin əsasında litoloji obyektlərin neft-qaz ana süxuru ola bilməsi potensialının təyin edilməsindən bəhs olunub. Paleoprofillərin rekonstruksiyası əsasında Atəşgah strukturunun müxtəlif geoloji dövrlər üzrə inkişaf tarixi qiymətləndirilib.



21.11.2019 | 18:30