İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüblər.

 

Tələbələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni “Akselerasiya” proqramı haqqında məlumat verilib.

 

Görüşdə universitetlər arasında ilk olaraq AzTU-da yaradılacaq Barama Texniki Universitet Mərkəzi haqqında fikir mübadiləsi aparılıb və biznes ideyaları olan gənclərlə əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Xatırladaq ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “Azercell” şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılıb. Mərkəz əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların reallaşmasına yardımçı olur .

 

Həmçinin ideyası olan gənclərə kompüter, internet və təlimlərlə bağlı müxtəlif məsləhət, o cümlədən texniki dəstək təqdim edir.



21.11.2019 | 19:25