Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə yeni nəşrlər təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası tərəfindən Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə yeni nəşr olunan "İmadəddin Nəsimi", "Molla Nəsrəddin", "Məhəmməd Füzuli" kitablarının bütün cildləri, həmçinin professor Ziyadxan Əliyevin "Nəsimi dünyası rənglərin işığında" kitabı hədiyyə olunub.

 

Kitablar Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir çərçivəsində təqdim edilib.

 

"Nəsimi işığında" adlı tədbirdə muzeyin direktoru Pakizə Mehdiyeva, Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Aygün Səfərova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Musayev, Əməkdar jurnalist Azər Həsrət və başqaları çıxış edərək, Azərbaycan ədəbiyyatı və fəlsəfi fikir tarixində Nəsiminin mühüm yer tutduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycan ədəbiyyatına qiymətli incilər bəxş edən, ümumilikdə dünya poeziyasının möhtəşəm nümunələrini yaradan Nəsiminin yaradıcılığının dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub.

 

Tədbirdə Nəsiminin həyatı,  fəlsəfi baxışları barədə də  geniş məlumat verilib.



23.11.2019 | 12:41