BMU-da gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransı keçirilib

Bakı Mühəndislik Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransı keçirilib. Konfrans iştirakçıları öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, əklil və tər çiçək dəstələri düzüblər. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət olunub.

 

Azərbaycanın Dövlət himni səsləndirildikdəın sonra konfransı açıq elan edən universitetin rektoru, professor Havar Məmmədov ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına olan xidmətlərindən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev həmişə gənclərin dünyagörüşlü, elmli yetişməsi üçün hər cür şərait yaradıb. Hələ sovet dövründə Azərbaycan gənclərini ittifaqın nüfuzlu universitetlərində təhsil almaq üçün göndərirdi. Bu gün də ulu öndərin bu siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransına yerli tədqiqatçılarla yanaşı Türkiyə, ABŞ, Almaniya, İngiltərə kimi onlarla xarici ölkələrdən 1320 material qəbul olunub, bunlardan 700-ü konfransın tələblərinə uyğun olaraq seçilib və iki dildə çap olunub.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, Bakı Mühəndislik Universiteti Azərbaycanın ən güclü universitetlərindən biridir. BMU-nun gənc tədqiqatçıları və tələbələri beynəlxalq müsabiqələrdə həmişə uğur qazanır və Azərbaycanı layiqincə təmsil edirlər. Bugünkü konfrans da təşkilatçılıq və coğrafiya baxımından ölkəmizdə təşkil olunan yüksək səviyyəli konfranslardan biridir. Xarici ölkələrdən konfransa göndərilən materiallar və xarici gənc tədqiqatçıların konfransda iştirakı, eyni zamanda konfrans materiallarının iki dildə çap olunması  elmi tədbirin ümummilli lider Heydər Əliyevin adına layiq təşkil olunmasından və nüfuzundan xəbər verir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, gənc nəsil ulu öndərin xidmətlərini yüksək qiymətləndirir. Rektor bildirib ki, BMU Azərbaycanın gələcəyinə hesablanmış bir universitetdir. Bu gün keçirilən konfrans da öz təşkilatçılığı və qəbul olunmuş elmi materialları ilə bunu bir daha sübut edir.

 

İş dünyası ilə sıx əmədkaşlıq edən BMU –nun təşkil etdiyi konfransda ölkəmizin öndə gedən şirkətlərinin də nümayəndələri iştirak edib. İş dünyası adından konfransın işinə uğurlar arzulayan “Veysəloğlu” şirkətlər qrupunun biznesin inkişafına dəstək üzrə baş direktoru İlqar Nuri  BMU-ilə iş dünyası əlaqələrinin yüksək səviyyədə qurulduğunu qeyd edib. Bildirib ki, təmsil etdiyi şirkət BMU məzunlarını işlə təmin etməkdə həmişə maraqlıdır. İ.Nuri universitet-iş dünyası əlaqələrinin inkişafına görə BMU-nun rektoru Havar Məmmədova təşəkkürünü bildirib və gənc nəslin yetişməsində özəl sektor olaraq üzərlərinə düşən yardımı göstərməyə hazır olduqlarını qeyd edib.

 

Konfrans daha sonra plenar iclaslarla öz işini davam etdirib.



03.05.2018 | 14:58