“Peşəkar məktəb psixoloqu”

Bakı şəhəri 149 nömrəli tam orta məktəbdə “Peşəkar məktəb psixoloqu” layihəsinin icrasına başlanılıb. 

 

Layihə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olub və rəhbəri Nəriman Məmmədzadə tərəfindən həyata keçirilir.

 

“Peşəkar məktəb psixoloqu” layihəsinin əsas məqsədi məktəb psixoloqlarının yeniyetmələrlə düzgün iş aparmaq sahəsində peşəkarlığının artırılmasına, bu sahədə psixoloji xidmətin təkmilləşdirilməsinə və bu yolla cəmiyyətimiz üçün sağlam düşüncəli gənclər yetişdirilməsinə dəstək verməkdir. 

 

Layihənin məqsədinə nail olmaq üçün aşağıdakı vəzifələr həyata keçirilir:

 

• Psixoloqların yeniyetmələrlə iş sahəsində bilik və bacarıqlarının yoxlanılması;

• Psixoloqların bilik və bacarıqlarına uyğun olaraq təlimlər təşkil olunması;

• Təlimlərin həm nəzəri, həm praktik iş olaraq qurulması;

• Layihənin sonunda yenidən qiymətləndirmə apararaq təlimlərin effektivliyinin yoxlanılması;

• Təlimlərdən uğurla keçən psixoloqların təltif edilməsi.

 

N.Məmmədzadə bildirib ki, yeniyetməlik dövrü insan həyatının ən böhranlı çağlarıdır, buna görə də orta məktəblərdə yeniyetmələrlə düzgün psixoloji iş aparılmalıdır. 

 

Qeyd edək ki, məktəbdə psixoloji təlimlər peşəkar psixoloqlar Məhəmməd Adıgözəlov və Aysel Həsənova tərəfindən  noyabrın sonunadək keçiriləcək.



24.11.2019 | 14:40