Niderland mədəniyyətinə aid kitablar MEK-ə hədiyyə edilib

Niderlandın Azərbaycandakı səfiri Onno Kervers Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

 

MEK direktoru Leyla İmanova əvvəlcə görüşün təşəbbüskarı - Qarabağ müharibəsinin iştirakçısı, "Bakı Beynəlxalq Siyasət və Təhlükəsizlik Şəbəkəsi”nin rəhbəri, politoloq Elxan Ələsgərovu qonaqlara təqdim edib.

 

Məlumat verib ki, E.Ələsgərov  2014-cü ildə Azərbaycanın Niderlanddakı səfirliyində birinci katib vəzifəsində çalışarkən, Leyden Universiteti kitabxanasından Azərbaycanın qədim xəritəsini aşkarlayıb; Orada  Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin məşhur musiqi əsərlərinin motivləri əsasında ilk "Old Baku" küçə orqanı layihəsinin müəllifi olub, orqanı Bakı qalası, Qız Qalasının təsvirləri, Məşədi İbad, Qoçu Əsgər, Sərvər və Gülçöhrə kimi personajların hərəkətli fiqurları ilə dizayn edib və İçərişəhərin küçələrində Novruz bayramı günlərində nümayiş etdirilməsinə dəstək verib.

 

Politoloq E.Ələsgərov AMEA-nı Azərbaycanın beyin mərkəzi adlandıraraq, MEK-i humanitar dəyərləri toplayan və qoruyan müəssisə kimi qiymətləndirib, həmçinin Niderlandda Azərbaycan səfirliyinin katibi vəzifəsində çalışarkən toplayıb gətirdiyi qiymətli sənədlərin bir hissəsini kolleksiya şəklində kitabxanaya hədiyyə etdiyini bildirib.

 

Kolleksiyaya onun müəllifi olduğu “Lost time”, “Əli və Nino” əsərinin holland dilinə tərcüməsi, Azərbaycan tarixinə dair xəritələr, holland alimlərinin Azərbaycan haqqında mülahizələri, Azərbaycan alimlərinin holland dilində əsərləri daxildir.


Sonra Niderlandın Azərbaycandakı səfiri Onno Kervers MEK-ə Niderland tarixinə və mədəniyyətinə dair kitablar hədiyyə edib. O qeyd edib ki, ölkəsinin Azərbaycan oxucusu tərəfindən tanınmasına zərurət yaranan zəngin tarixi və mədəniyyəti var. Səfir MEK-in Diplomatik fondunda Niderland guşəsinin təşkil edilməsini bu baxımdan yüksək qiymətləndirib.



25.11.2019 | 17:25