Erasmus+ KA2 layihələri üzrə ekspert BMU-da olub

Avropa İttifaqının Erasmus+ KA2 layihələri üzrə eksperti xanım Elen Enciso, Milli Erasmus+ Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov və həmin ofisin əməkdaşı Zəfər Həsənov Bakı Mühəndislik Universitetində (BMU) olub.

 

Qonaqlar öncə BMU-nun rektoru, professor Havar Məmmədovla görüşüb. Rektor universitetin yaranma tarixi və maddi-texniki bazası, həmçinin fəaliyyət göstərən fakültələr haqqında qonaqlara ətraflı məlumat verib. Beynəlxalq əlaqələrdən söz açan H.Məmmədov universitetin iştirak etdiyi proqram və layihələri diqqətə çatdırıb. O, həmçinin müəllim və tələbələrin müxtəlif beynəlxalq layihələrdə fəal iştirakını müsbət qiymətləndirib.

 

Elen Enciso səfərinin məqsədi haqqında məlumat verərək bildirib ki, Avropa İttifaqının marağı Şərq Tərəfdaşlığı ölkələrinin universitetlərinin beynəlxalq layihələrdə fəal iştirakını dəstəkləmək, Avropadan olan tərəfdaş universitetlərlə əməkdaşlığı inkişaf etdirmək və yaranan çətinliklərin həllinə çalışmaqdan ibarətdir.

 

Sonra BMU-nun da tərəfdaş kimi iştirak etdiyi “Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi (CRENG)” üzrə Erasmus+ KA2 layihəsinin Azərbaycandan olan tərəfdaşları ilə görüş keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universitetinin əməkdaşları da iştirak ediblər.

       

Qeyd edək ki, BMU-nun aktiv iştirak etdiyi müxtəlif beynəlxalq proqramlar içərisində çoxluğu Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ KA2 layihələri təşkil edir. Hazırda universitetdə aktiv 5 Erasmus+ KA2 layihəsi icra olunur.



27.11.2019 | 11:59