AMEA İctimai Elmlər Bölməsinin ümumi yığıncağı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli İctimai Elmlər Bölməsinin fəaliyyətinin daha da genişləndiyini, bölmə üzrə göstəricilərin, elmi nailiyyət və mühüm nəticələrin artdığını nəzərə çatdırıb. İmpakt faktorlu jurnallarda dərc olunan məqalələrin və istinadların sayının artırılmasına, beynəlxalq jurnallara maneəsiz çıxışın təmin olunmasına xüsusi diqqət yetirilməsinin vacibliyini söyləyib.

 

Akademik alimlərin mühüm elmi nailiyyətlərə və uğurlara imza atmalarıyla müstəqil Azərbaycan dövlətinin və elminin daha da inkişafına nail olmağın mümkünlüyünü vurğulayıb: “Biz ölkəmizin inkişafı naminə elmimizi təbliğ etməliyik, azərbaycançılıq və dövlətçilik ənənələrinin inkişafı üçün elmin yeni nəslin yoluna işıq saçması, xalqa, dövlətə və millətə xidmət etməsi uğrunda ölkə başçısının bütün çağırışlarına cavab verməliyik”.

 

Dövlətçilik və milli maraqlarımızın ölkənin hüdudlarından kənarda tanıdılması üçün ekspedisiya və arxeoloji qazıntılar həyata keçirməyin zəruriliyindən danışan İ.Həbibbəyli xarici ölkələrlə birgə tədqiqatlar aparmağın əhəmiyyətini xüsusi nəzərə çatdırıb.

 

Ümumi yığıncaqda İctimai Elmlər Bölməsinin tərkibinə daxil olan elmi müəssisələrdə 2019-cu ildə aparılan elmi- tədqiqat işlərinin yekunlarına dair hesabatlar dinlənilib.

 

Hesabat məruzələrində bu il bölmənin institutları və Milli Azərbaycan Tarixi Muzeyində əldə olunan mühüm elmi nəticələr, Prezidentin sərəncamları və dövlət proqramları, eləcə də Nazirlər Kabinetinin qərar və sərəncamlarının icrası ilə əlaqədar yerinə yetirilən işlər, həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib. Dövlət başçısının sərəncamları əsasında bir sıra mühüm tədbirlərin keçirilməsi, sanballı çap əsərləri, monoqrafiyaların ərsəyə gəlməsi, qabaqcıl elmi- tədqiqat işlərinin müdafiə olunması haqqında danışılıb.

 

Sonra bir sıra kadr məsələlərinə baxılıb.



28.11.2019 | 19:06