“Azərbaycanda çox güclü elmi məktəb var”

Müasir dövrdə hər bir ölkənin davamlı inkişafında ali təhsilin rolu durmadan artır.  Ölkələrin rəqabətədavamlılıq qabiliyyətinin güclənməsində də universitet təhsili və ali məktəblərin elmi-tədqiqatçılıq fəaliyyəti mühüm rol oynayır. Bu sahədə əldə olunan tərəqqi həm də universitetin beynəlxalq reytinqlərdə mövqeyini şərtləndirir. Azərbaycan universitetləri elmi necə inkişaf etdirə bilər? Ali məktəblərimizin beynəlxalq reytinqlərdə mövqeyini necə yaxşılaşdırmaq olar?   Bütün bu suallara Böyük Britaniyanın “Times Higher Education” (THE) şirkətinin regional direktoru, ali təhsil sahəsində beynəlxalq ekspert Yeqor Yablokovla aydınlıq gətirməyə çalışdıq.

 

- Artıq bir neçə ildir ki, “Times Higher Education” şirkəti ölkəmizin ali təhsil sisteminə ciddi maraq göstərir. Son vaxtlarda aparılan müzakirələr barədə nə deyə bilərsiniz?

-  Son illərdə Böyük Britaniyanın “Times Higher Education” (THE) şirkəti ilə Azərbaycan universitetləri arasında intensiv görüşlər keçirilib. Ali təhsildə əməkdaşlığa dair diskussiyalar THE, dünyanın ən böyük bibliometrik Scopus elmi bazası olan “Elsevier” şirkəti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında aparılıb. Təhsil naziri Ceyhun Bayramov THE ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb, Azərbaycanda elmin təkcə akademik müəssisələrdə deyil, bütün dünyada qəbul olunduğu kimi, universitetlərdə davam etdirilməsi, ali məktəblərin perspektivdə güclü olması, qlobal reytinqlərdə mövqelərinin yaxşılaşması vacibliyini ifadə edib. Bundan sonra cari ilin iyununda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bazasında ölkənin 16 ali məktəb rektoru ilə görüş oldu. ADNSU-nun rektoru Mustafa Babanlı Təhsil nazirinin tapşırığına uyğun olaraq belə bir görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu, olduqca səmərəli tədbir idi, görüşdə bir çox məsələləri müzakirə etmək mümkün oldu. Suallar çox idi: ali məktəblər niyə elmi inkişaf etdirir, niyə reytinqlərdə mövqe qazanmağa can atırlar? Biz hətta tədbirin yekunlarına dair protokol tərtib etdik. Razılığa gəlindi ki, bundan sonra rektor M.Babanlı Azərbaycan ali məktəb rektorları  adından  THE və “Elsevier”lə danışıqları koordinasiya edəcək.

 

Biz Təhsil Nazirliyinin təşkilatçılığı ilə yaxın vaxtlarda elmi-tədqiqatçılıq fəaliyyətinin inkişaf strategiyasının müəyyən edilməsi üçün aparıcı xarici ekspertlərin iştirakı ilə “Elsevier” və Azərbaycan universitetləri arasında növbəti tədbirin keçirilməsini istərdik. Bunu ilin sonlarına kimi etmək daha yaxşı olardı. Mən bilirəm ki, ölkənin ən qocaman ali məktəbi olan BDU 100 illik yubileyini qeyd edir. Bu təşəbbüsü BDU-nun yubileyinə də həsr etmək olardı.

 

- Aparılan danışıqların nəticəsi olaraq Azərbaycan universitetlərinin elmi publikasiya aktivliyini artırmaq üçün hansı təklifləriniz var?

- Məlumdur ki, inkişaf etmiş ölkələrdə universitetlərin publikasiya aktivliyinin strukturundakı elmi nəşrlərin xeyli hissəsi aspirant və magistr tələbələrin payına düşür. Lakin sonuncuların elmi məqalələrinin yüksək keyfiyyətli elmi jurnallara daxil olması üçün onlarda zəruri tədqiqatçılıq təcrübəsinin formalaşmasını təmin etmək lazımdır. Elmi ədəbiyyatları oxumaq, elmi məlumatları təhlil etmək, elmi ünsiyyət və s. Lakin bu, ona gətirir ki, çıxışda (məzun olduqda) biz keyfiyyətcə müxtəlif səviyyəli, nəinki geniş fənlərarası biliklərə sahib, həm də yeni elmi bilik və texnologiyalar istehsal etməyə qadir mütəxəssislər alırıq. İqtisadiyyatın yeni tipini qurmaq üçün məhz bu cür insanlar lazımdır. Aydındır ki, Azərbaycanda Qərbi Avropa, Şimali Amerika ölkələrində, Cənub-Şərqi və Qərbi Asiya ölkələrində qəbul edilmiş bir tədqiqat universiteti modelinə uyğun olaraq bütün universitetlərin inkişafı üçün kifayət qədər resursları yoxdur. Buna görə də vəziyyətdən çıxış üçün ağlabatan bir yol ölkənin aparıcı universitetlərinin konsorsiumunu yaratmaqdır. Bu konsorsium ölkənin ən mütərəqqi aparıcı universitetlərini birləşdirəcək və digər ölkələrin qabaqcıl universitetləri ilə dünyanın ən yaxşı zəkaları uğrunda rəqabət aparmaqla dünya səviyyəli təhsil xidmətləri, elmi məhsullar və texnologiyalar bazarına daha effektiv çıxa bilməsini təmin edəcək.

 

Azərbaycanın iki aparıcı ali təhsil müəssisəsi - Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə məlumatlar göstərir ki, son beş ildə hər iki universitet elmi nəşrlərin həcmini əhəmiyyətli dərəcədə artırıb, lakin onların FWCI (Scopus) və CNCI (Web of Science) elmi nəşrlərinin normallaşdırılmış istinad indeksi göstəricisinin qiyməti arzuolunan həddə deyil (hər iki ali məktəbin elmi nəşrlərinə olan istinadların sayı orta dünya göstəricilərindən təxminən iki dəfə aşağıdır). Bununla yanaşı, bu universitetlərin artıq özlərini təhsil və elm sahəsində səmərəli idarəçilər kimi təsdiq etmiş rəhbərlərinin ölkənin ali təhsil sistemində konsolidasiyaedici mövqedə dayanmaları mümkündür. Onlar Azərbaycanın aparıcı universitetlərinin rektorlarının yeni birliyinin (konsorsiumunun) başında duraraq, ölkənin ali məktəblərinin qlobal rəqabət qabiliyyətinin artırılması yollarını hazırlamaq və sınaqdan keçirmək, ən yaxşı dünya nümunələrinə uyğun olmaq, ölkənin iqtisadi inkişafına kadr və elmi-texnoloji dəstəyi təmin etmək məqsədi ilə çıxış edə bilərlər. 

Bu gün xarici ölkələrin təcrübəsinə baxdıqda görürük ki, təklikdə rəqabət aparmaq çox çətindir. Belə bir mənzərə yaranır ki, kimsə öz evində “top qovur, qonşuda isə futbol oynayırlar”. Yəni, komanda oyunu oynayırlar. Buna görə də bir araya gəlmək və komanda oyununun formatını tapmaq lazımdır. 

 

Yeri gəlmişkən, biz Xəzər hövzəsi ölkələrinin iqtisadiyyatı, elm və təhsilinə dair maraqlı bir təhlil aparmışıq. Təhlilə əsasən, Azərbaycanda ali təhsilə cəlb olunan gənclər çoxdur, inkişaf etmiş iqtisadiyyat var. Ölkə iqtisadi inkişaf göstəricisinə görə Ermənistandan 2, Gürcüstandan 1.5 dəfə üstündür. 2014-2019-cu illər üzrə elmi publikasıyaların sürətli artım tempi mövcuddur. Bu, 92 faiz təşkil edir. Yəni, 2014-cü illə müqayisədə publikasiya aktivliyi 2 dəfə artıb. Bu, çox güclü göstəricidir. Hətta Rusiyanın adıçəkilən dövrlə bağlı anoloji göstəricisindən (78,2) də yüksəkdir. Narahatçılıq doğuran başlıca məqam isə elmi publikasiyalara olan istinadların sayının az olmasıdır.

 

Müəllim tədqiqatlarla məşğul olmursa, tələbəni də motivasiya edə bilməz

 

- Bu gün universitet alimləri əsasən tələbələrlə işləyir, yəni tədrisə cəlb olunub. Elə bir optimal variant varmı ki, universitet müəllimi tədrislə yanaşı, tədqiqatları üçün də vaxt tapsın?

- Baxın, bu məsələ prinsip olaraq Rusiyada da durur. Özü də kifayət qədər çox güclü şəkildə. Bu, ondan qaynaqlanır ki, hər bir konkret akademik işçi, professor, dosent üçün müəyyən vaxt məhdudiyyəti mövcuddur. Müəyyən məhdud vaxt çərçivəsində həm də intellektual fəaliyyətlə məşğul olmaq lazımdır. Belə bir situasiyada isə “zaman konflikti” deyilən anlayış yaranır. Bunu universitetin özünün iştirakı, Təhsil Nazirliyinin müvafiq addımları olmadan həll etmək mümkün deyil. Nazirlik müəyyən yenilənmiş tədbirlər hazırlamalı, universitetlərə, məsələn, çatdırmalıdır ki, müəyyən həcmdə, tədris planında olduğu kimi, haqqı ödənilən elmi tədqiqatlar aparılmasına icazə verilir. Əgər Avropa, Asiyanın ciddi ali məktəblərindən danışırıqsa, onlarda yalnız mühazirə fəaliyyəti ilə məşğul olan lektorlar praktik olaraq yoxdur. Belə qəbul olunur ki, tələbə qarşısına çıxan şəxs tədqiqatçıdır, əgər belə olmasa, gənc nəslə elmi faktları haradan əldə edib çatdıra bilər? Eyni bir materialı nağıl formasında auditoriyaya çatdırmaqla tələbələri tədqiqatçılığa yönəltmək mümkün deyil. Əgər müəllim tədqiqatlarla məşğul olmursa, tələbəni də motivasiya edə bilməz. Buna görə də burada yeganə variant əminəm ki, müəllimlərin tədrislə yanaşı, tədqiqatçılıqla məşğul olmasına dair qaydaların Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiqlənməsidir. Digər məsələ ondadır ki, rektorlar bu problemi dəqiq bilirlər. Rektorlar bu məsələdə konsolidasiya nümayiş etdirərək vahid mövqedən çıxış edə, Təhsil Nazirliyinə müvafiq təkliflər verə bilərlər. Bu, universitetlərdə alimlərin elmi tədqiqatlara cəlb olunması imkanlarının genişlənməsi, keyfiyyətli tədqiqat məhsullarının üzə çıxması ilə nəticələnəcək. Onlara istinadlar da çoxalacaq. Bu məsələnin həlli böyük maliyyə sərfiyyatı tələb etmir. Sadəcə, ali məktəbin mövcud bazasında bir sıra modernləşmə aparılmalıdır ki, müasir dünya reallıqlarına uyğun olsun. Belə olan halda qlobal reytinqlərdə də yer almaq mümkün olacaq. Çünki Azərbaycanda çox güclü elmi məktəb var.

 

- Biz reytinqlərdə çox sayda elmi tədqiqat universitetləri görürük. Əgər ali məktəblərimizə tədqiqatçılıq statusu verilərsə, reytinqlərə yaxınlaşa bilərik?

- Rusiyanın bu sahədə təcrübəsi göstərdi ki, özlüyündə hər hansı statusun təyin olunması, problemi həll etmir. Statusun ardınca hansısa addımlar atmaq lazımdır. Şərti olaraq, əgər hansısa ali məktəbə tədqiqat universiteti statusu verilirsə, bəli, o müəyyən edilmiş imtiyazlardan istifadə edə bilər. Onda biz dərhal müəyyən etməliyik ki, o, Azərbaycan üçün nə etməlidir? Bu universitet öz üzərinə hansı öhdəliklər götürür ki, onun belə bir statusu olsun?

 

- Deməli, nələrisə korrektə etmək lazımdır...

- Bəli, hətta status verilənə qədər öhdəliklər və universitetin görəcəyi işlər müəyyən olunmalıdır. Əgər biz Rusiyaya baxsaq, 2000-ci ilin sonlarından tətbiqinə başlanılan “Milli tədqiqat universitetlərinin yaradılmasına dair Dövlət Proqramı”nın nəticələri hazırda təhlil olunur. Status əldə etmiş universitetlərin (30 ali məktəb) tədqiqatçılıq fəaliyyətinin səmərəliliyinə baxsaq, görərik ki, nəticələr çox fərqlidir. Görünən budur ki, statuslu universitetlərin çoxunda elmi tədqiqatçılıq istiqaməti analoji statusu olmayan ali məktəblərlə müqayisədə proqram dövründə zəif inkişaf edib. Deməli, özlüyündə status və ya ali məktəblərə ayrılan pullar, əgər onlar düzgün inkişaf proqramları ilə müşayiət olunmursa, hər hansı müddətdə effektiv olmayacaq. Əminəm ki, hazırda bir sıra postsovet ölkələrində ali məktəblərin inkişaf etdirilməsi üçün resursların çatışmazlığı problemi var. Yeganə variant olaraq ayrı-ayrı universitetlər qrupuna maliyyə ayırmaq lazımdır. Təbii ki, ölkədə fəaliyyət göstərən bütün ali məktəblərə lazımi maliyyənin ayrılması imkan xaricindədir. Lakin 12-14 universitetin təmsil olunduğu konsorsiumu yaratmaq və onların arasında ən yaxşı təcrübələri bölüşmək bu modeli tətbiq etməyə imkan verəcək.

 

Reytinqlər əks effekt təsirinə də malikdir

 

- Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı qəbul olunub. Proqramda ikili diplom və doktorant hazırlığı proqramlarının əhəmiyyəti vurğulanır. Ali təhsilin modernləşməsi baxımından bu qərarı necə qiymətləndirirsiniz?

- Bu, çox düzgün qərardır. Bir ekspert olaraq onu deyə bilərəm ki, məhz doktorantlar universitetlərin tədqiqatçılıq fəaliyyətlərində fəal iştirak edirlər. Bu mənada onlar xarici universitetlərdə nə qədər çox təcrübə qazanarsa, tədqiqatçılıq bacarıqları əldə edərlərsə, universitetin daha geniş mənada elmi fəaliyyətinin inkişaf etdirməsi üçün münbit əsas yaranmış olur.

İkili diplom məsələsinə gəlincə deməliyəm ki, mən bu proqramın böyük tərəfdarıyam. Rusiya universitetlərinin nümunəsi olaraq deyə bilərəm ki, iki diplomun verilməsi ilə bitən təhsil proqramlarının reallaşdırılması nəticəsində aparıcı universitetlərin daha keyfiyyətli müasirləşdirilməsi baş verir. Proqrama ən yaxşı müəllimlər, yüksək ballı tələbələr qəbul olunur. Daha çox ona görə ki, səmimi deyim ki, əcnəbi mütəxəssislərlə işləyəndə sui-istifadə səviyyəsi bir neçə dəfə kəskin surətdə aşağı düşür, tələbat, tədris səviyyəsi də yüksəlir. Bu cür proqramlarda tədris materialları, bir qayda olaraq, çox keyfiyyətlidir. Bu proqramların universitetlərin tədqiqatçılıq qabiliyyətinin yüksəlməsinə təsirinə gəlincə, şübhəsiz ki, köməyi ola bilər. Çünki bu proqrama qəbul olunan tələbələr təhsilin bir hissəsini xarici universitetlərdə alacaq, xaricdəki tədqiqat universitetlərində tədris işinin necə təşkil edilməsi ilə tanış olacaqlar. Azərbaycana qayıdanda isə onların universitet rəhbərliyinə qarşı tələbləri yüksələcək. Çünki onlar tələb edəcəklər ki, “bizi tədqiqatçılıq fəaliyyətinə cəlb edin, istəyirik elmi qrupa daxil olaq”. Onlar yaşlı nəslin nümayəndələri olan elmi qrupda iştirak etmək yox, öz qruplarını yaratmaq istəyəcəklər. Onlar çox ağıllı, məlumatları daha tez emal etmə qabiliyyətlərinə malikdirlər.

Lakin biz bu prosesləri eyni vaxtda tətbiqə buraxa bilmərik. Deməyim odur ki, yenilənmə əvvəlcə müəyyən qrup universitetdə başlaya bilər. Yəni, bir qrup universiteti müəyyən edirik və onlara daha artıq həcmdə maliyyə, akademik müstəqillik veririk, lakin daha çox tələb edirik. Sizə müəyyən həcmdə vəsait verilir, siz isə beynəlxalq standartlara əsasən vəsaitlərin xərclənməsi hesabatını aparır və onu saytınızda dərc edirsiniz ki, istənilən şəxs onların sərf olunma istiqamətlərini görə bilsin.

 

- Son dövrlərdə leksikonumuzda yer almış anlayışlardan biri rəqabətlilikdir. Reytinqlər rəqabətliliyə necə təsir edir?

- Maraqlı sualdır. Düşünürəm ki, qlobal reytinqlər universitetin sahələr və istiqamətlər üzrə qiymətləndirilməsini təmin edən auditdir. Digər tərəfdən, reytinq rəqabətliliyin ölçmə üsuludur. Unutmaq olmaz ki, reytinqlər əks effekt təsirinə də malikdir. Reytinq çox sayda insanın universitetlə bağlı rəyinə təsir edir. Buna müvafiq olaraq da universitetlərə öz rəqabətliliyinin gücləndirilməsi ilə bağlı məsələlərin həllində kömək edir. Son 10 il ərzində Avropada OECD tərəfindən aparılmış bir çox tədqiqatlar göstərib ki, əcnəbi tələbələr xarici universitetləri seçərkən hansı amilləri əsas götürüblər. Gənclərin çoxu hesab edir ki, onlar üçün ən əhəmiyyətli faktor universitetin qlobal reytinqlərdəki mövqeyini təsdiq edən reputasiyasıdır. Gənclər reytinqə baxır və onun vasitəsi ilə hansı universitetə yollanmağın məqsədyönlülüyünə qərar verir. Beləliklə, universitetin reytinqə düşməsi və müəyyən yer tutması ona beynəlxalq aləmdə özünü tanıtmağa kömək edir. Bununla da özünün gələcək hədəf auditoriyasını formalaşdırmağa imkan verir. Reytinqdə mövqenin güclənməsi bizə daha çox istedadı cəlb etməyə kömək edir, daha böyük coğrafiyalardan tələbələrin axınını təmin etməyə imkan verir. Bundan ötrü də öz reytinqini gücləndirmək lazımdır. Məqsəd daha böyük hədəfli, yüksək keyfiyyətli auditoriya qazanmaqdır.

 

- Ali məktəblərin işəgötürənlərlə münasibəti necə qurulmalıdır. Reytinqdə əsas kriteriyalardan biri də budur...

- Şübhəsiz ki, bu, çox əhəmiyyətli məsələdir. Hər bir ölkədə universitetlərin spesifik inkişaf xüsusiyyəti var. Son 10 il ərzində Cənubi Koreya, Sinqapur kimi sürətlə inkişaf edən ölkələrdə iqtisadiyyatın real sektorunda texnologiyaların fərqli transferi mexanizmləri formalaşıb. Əgər real sektorda kompaniyalar tərəfindən aparılan elmi nəşrlərin publikasiya dinamikasına baxsaq görərik ki, onların universitetlərlə həyata keçirdiyi tədqiqatların sayı durmadan artır. Getdikcə kompaniyalar tədqiqatları özləri yox, universitetlərlə birlikdə aparırlar. Başa düşürlər ki, orada zəruri kompetensiyalar var. Cənub-Şərqi Asiya ölkələrində çox maraqlı model hazırlanıb. Nə edirlər? Onlar təlim gedişində tələbələri elmi fəaliyyətə cəlb edirlər. Müəyyən problemli məsələlərin həlli ilə məşğul olan gənclərdən ibarət elmi qruplar yaradırlar. Şirkətlərin sifarişi ilə tələbələr təhsil aldıqları dövrdə problemli məsələlərin həlli ilə məşğul olurlar. Faktik olaraq, universitet 4 illik təhsilin sonunda həm hazır elmi komandanı, həm də onun ərsəyə gətirdiyi texnologiyanı şirkətə “satır”. Bu, artıq 12-15 nəfərlik mütəşəkkil qrupdur. Onlar texnologiya hazırlayır və onu necə tətbiq etməyi bilirlər. Tələbələr öz məhsullarını hansısa şirkətlərdə sınaqdan keçirməyə nail olublar. Bu sxem üzrə həm texnologiyaların, həm də yüksək hazırlıqlı məzunların iş yerlərinə transferi, elmi məhsulların kommersiyalaşdırılması baş verir. Bu, həm də tələbənin işlə təmin olunması deməkdir. Düzdür, bu, yeganə uğurlu variant deyil, digər maraqlı nümunələr də var. Bu modeli Azərbaycan və digər postsovet məkanı ölkələrində də müşahidə edirik. Biz nəzəri olaraq Azərbaycan universitetlərinin, məsələn, Amerika şirkətləri, işəgötürənlərlə əlaqəsinə dair resept verə bilmərik. Biz bu məsələdə Azərbaycanın sosial-iqtisadi inkişaf istiqamətlərinə uyğun təkliflər verə bilərik. Bu təcrübə Qazaxıstanda da var və orada tələbələr elmi tədqiqatlar yolu ilə şirkətlərdə işlə təmin olunurlar. Azərbaycan universitetləri ilə də bu mövzuda müzakirələrin aparılmasını əhəmiyyətli hesab edirəm. Çünki öz mahiyyətinə görə tələbə universitetin buraxdığı yeganə məhsuldur. Buna görə də biz əmək bazarına nə qədər hazırlıqlı məzun buraxarıqsa, bu, universitetin əsas missiyasını təşkil edir. Universitetin işəgötürənlərlə bu cür əməkdaşlığı, şübhəsiz ki, ali məktəbin qlobal reytinqdə mövqeyini gücləndirir.

 

Hədəf qoymaq çox çətindir

 

- Azərbaycan universitetləri reytinqdə hansı hədəf seçə bilər: Top-700, Top-500?

- Bu məsələdə müəyyən təhlillər aparmaq olar. Son 10 ilin reytinqinə baxsaq görərik ki, Top-100-lüklərdə yer alan universitetlərin 80 faizi dəyişmir, onlar daim öz yerlərindədir. Yalnız 20 faizi bu sıraya gah daxil olur, gah da tərk edir. Ona görə də qarşıya reytinqdə 500 və ya 700-ə daxil olmaq kimi bir hədəf qoyduqda öz imkanlarımızı qonşuların və ya daha uğurlu ölkələrin qlobal reytinqlərdəki vəziyyəti ilə müqayisə etmək lazımdır. Bu mənada hədəf qoymaq çox çətindir. Rusiya təcrübəsinə əsasən, universitetlər üçün çox vacibdir ki, onlar nəinki reytinqə düşməyə can atmalı, eyni zamanda məzmunlu modernləşmədən keçməlidir. Yəni elmi-tədqiqat fəaliyyətini modernləşdirmək mümkün olsa, onda bu aktivlik reytinqdə öz sözünü deyəcək. Bundan ötrü aparıcı dünya ekspertlərini cəlb etmək və dərin təhlillər aparmaq, uzunmüddətli inkişaf proqramı hazırlamaq lazımdır.

 

- Universitetlərimiz öz göstəricilərini THE-ə göndərirmi?

- THE  reytinqi əsasən universitetlərin təqdim etdiyi məlumatlara əsaslanır. Bibliometrik və əldə oluna bilən digər məlumatları THE birbaşa “Elsevier”in  Scopus elmi bazasından götürür. Bu barədə universitetdən soruşulmur. Digər göstəriciləri - tələbə sayı (ixtisaslar üzrə), elmi-pedaqoji işçilərin sayı (yenə də ixtisaslar üzrə), ali məktəbin maliyyəsi, təhsil fəaliyyətinin, elmi-tədqiqat işlərinin həcmi, sənaye sahələri ilə qarşılıqlı əməkdaşlıq - Azərbaycan universitetləri özləri bizə göndərirlər. Onlar emal olunur. Elmi məqalələrin sayının az olması ilə bağlı narahatlıq olmasa idi, bu il BDU reytinqə düşə bilərdi. BDU-nun prinsipcə, yaxşı göstəriciləri var. Ancaq 2014-cü ildə dərc olunan məqalələrin sayının az olması bu prosesi ləngitdi və BDU reytinqə düşə bilmədi.

 

Hesab edirəm ki, Azərbaycan universitetlərinin konsorsiumunun yaradılması çox yaxşı olardı. Bu konsorsium Azərbaycanın ali məktəblərinin qlobal reytinqlərdə mövqeyinin güclənməsi işinə mühüm töhfə verə bilərdi.

 

Oruc MUSTAFAYEV



29.11.2019 | 10:28