Heydər Əliyev və Azərbaycan ali iqtisad təhsili

“Ulu öndər ali təhsil ocağının professor-müəllim heyəti qarşısında Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsi, xalqın rifahının yaxşılaşdırılması üçün dünya təcrübəsinin öyrənilməsi, nəzəriyyələrin milli iqtisadiyyata uyğunlaşdırılmasını başlıca vəzifələrdən biri kimi müəyyənləşdirmişdi. Onun  professor-müəllim heyətinə verdiyi tövsiyələrdən biri də  iqtisadi siyasətin geniş kütləyə çatdırılmasında fəal iştiraklarını əsirgəməmək,  gənc nəslə müasir bazar iqtisadiyyatı tələblərinə uyğun təhsil verilməsi ilə bağlı olub”.

 

Bu fikirləri Azərbaycan Dövlət  İqtisad Universitetinin (UNEC)  rektoru,  professor   Ədalət Muradov mayın 3-də  ali təhsil müəssisəsində  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycan ali iqtisad təhsili” mövzusunda keçirilən respublika elmi-praktik konfransında səsləndirib. 

 

Tədbir iştirakçıları öncə ulu öndərin  universitetdəki büstü önünə gül dəstələri qoyaraq  xatirəsini ehtiramla yad edib, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

 

Konfransın vacib bir mövzuya həsr olunduğunu diqqətə çatdıran rektor Ədalət Muradov ulu öndər Heydər Əliyevin  həm sovet dönəmində, həm də müstəqillik illərində iqtisadiyyatın inkişafına böyük önəm verdiyini qeyd edib. Bildirib ki,  dahi şəxsiyyət  UNEC-in fəaliyyətini  hər zaman yüksək dəyərləndirib. Ümummilli lider 2002-ci il iyunun 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdəki  çıxışı zamanı ali təhsil müəssisəsinin fəaliyyət istiqamətini, qarşıda duran vəzifələri tam mənada ifadə edib. Əbədiyaşar liderin  universitetin kollektivi qarşısında qoyduğu vəzifələrdən biri də dövlət siyasətinə uyğun müasir iqtisadi konsepsiyada əsərlərin hazırlanması idi. Ümummilli liderin UNEC qarşısında qoyduğu vəzifələri və verdiyi tövsiyələrin hər zaman  ali təhsil ocağı tərəfindən diqqətdə saxlanıldığını deyən professor Ədalət Muradov görülən işlər barədə ətraflı məlumat verib.

 

UNEC-in Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olduğunu söyləyən rektor, məhz bu ali təhsil müəssisəsinin inkişaf strategiyasının əsasında ulu öndərin tövsiyələrinin dayandığını deyib.

 

Çıxışında  UNEC-in Şimalı Amerika və Qərbi Avropanın tanınmış universitetləri ilə bir sırada dayanmağı qarşılarına  məqsəd qoyduqlarını bildirən Ə.Muradov  20 minə yaxın tələbə kontingenti olan bu ali təhsil ocağının orta müddətdə həmin rəqəmi 35 minə çatdırmaq istiqamətində gördüyü   işlərdən bəhs edib. “Bu, həm də qarşımızda keyfiyyətli təhsilin təmin edilməsi vəzifəsini qoyur”, - deyən rektor ali iqtisadi təhsil bazarında ədalətsiz rəqabət riski olduğunu söyləyib. Bu rəqabəti təmin etmək üçün ali təhsil müəssisələrinə tədris standartlarının hazırlanmasında müstəqillik verilməsinin qaçılmaz olduğunu bildirib.

 

Ə.Muradov QS reytinqinə görə, inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya universitetləri arasında sırf iqtisadyönümlü 4-cü universitet olan UNEC-in birinciliyi əldə etməyə iddialı olduğunu, eləcə də dünyanın 1000 ən yaxşı iqtisad universitetləri sırasına daxil olmağı qarşılarına  məqsəd olaraq qoyduqlarını  vurğulayıb: “İnanıram ki, bu vəzifələrin öhdəsindən gələcəyik və bizim ali təhsil ocağının məzunları təkcə keyfiyyətli mütəxəssis kimi yox, həm də vətənini, xalqını sevən vətəndaş kimi fəqrlənəcəklər və bu, UNEC modeli olacaq”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafındakı tarixi xidmətlərindən söz açıb. “İqtisad elminin Azərbaycanın inkişaf  strategiyasında rolu” mövzusunda  məruzə edən iqtisadçı-alim  ali iqtisad təhsilinin keyfiyyətinin artırılmasının Azərbaycan iqtisadiyyatının inkişafında ciddi rol oynayacağını deyib. Akademik iqtisad elminin Azərbaycanın inkişaf strategiyasında  əhəmiyyətindən,  iqtisadçı kadrların hazırlığında yeni tədris texnologiyalarının vacibliyindən  danışıb və UNEC-in bu istiqamətdə çox uğurlu addımlar atdığını bildirib.

 

AMEA-nın müxbir üzvü, professor   Əli Nuriyev “Azərbaycan regionlarının inkişafında yeni mərhələ: nailiyyətlər və perspektivlər” mövzusunda  məruzəsində regionların inkişafında yeni mərhələdən, bu sahədə əldə olunan nailiyyət və perspektivlərdən  geniş söz açıb.

 

UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov “Heydər Əliyev: Azərbaycan ali iqtisad təhsilinin dünəni, bu günü və sabahı” mövzusunda məruzəsində  ümummilli liderin Azərbaycanın ali iqtisad təhsilinin qarşısına qoyduğu vəzifələrdən danışıb.

 

Sonra konfrans işini  bölmələrdə davam etdirib. Ümumilikdə 40-dan çox məruzə  dinlənilib.

 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

 

Samirə KƏRİMOVA

 



04.05.2018 | 10:06