Olimpiadada 300- dək məktəbli iştirak edib

Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri üçün Azərbaycan tarixi, Ümumi tarix və Coğrafiya  fənlərindən olimpiada təşkil edilib.

 

Olimpiadanın keçirilməsində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin fənlərə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə kömək etməkdir.

 

Əvvəlcə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər və valideynlər GDU-da yaradılan tədris mühiti, fənn kabinetləri və müasir laboratoriyalarla tanış olublar. Məktəblilərə universitetin beynəlxalq əlaqələri, həyata keçirilən akademik mübadilə proqramları, GDU-nun təmsil olunduğu beynəlxalq sərgilər və nailiyyətləri haqqında məlumat verilib.

 

Sonra şagirdlər Azərbaycan tarixi, Ümumi tarix  və Coğrafiya üzrə biliklərini yoxlamaq üçün olimpiadaya qoşulublar.

 

Olimpiadada Gəncənin 30 ümumtəhsil məktəbi, xüsusən universitetin baza məktəbləri, eləcə də Samux rayonundan 16 ümumtəhsil məktəbi, Göygöl rayonundan isə 17 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə, 300 şagird iştirak edib. Məktəblilərin biliyinin test üsulu ilə müəyyənləşdirildiyi olimpiada üçün suallar universitetin Tarix-Coğrafiya fakültəsinin Azərbaycan tarixi, Ümumi tarix və Coğrafiya kafedrasının professor–müəllim heyəti tərəfindən hazırlanıb. Olimpiadanın testləri 2 bölmə(rus və azərbaycan) olmaqla, hər birində 50 sual,  1 variantda, 2 blokda  tərtib edilib.

 

Bildirilib ki, bu cür olimpiadaların gələcəkdə, həm digər elm sahələri, həm də bütün ixtisas qrupları üzrə keçirilməsi nəzərdə tutulur.



02.12.2019 | 18:56