Tələbə Cəlil Məmmədquluzadənin obrazını yaradıb

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan filologiyası  və Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

 

Pedaqogika və psixologiya kafedrasının müəllimi Səbinə Cəfərova C. Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynadığını və bütöv bir ədəbi məktəb formalaşdıran qüdrətli şəxsiyyət olduğunu qeyd edib:” Böyük yazıçı həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən rəngarəng obrazlar qalereyası yaradıb. Ana dilinin saflığı uğrunda daim mübarizə aparan  C. Məmmədquluzadənin ərsəyə gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir”.

 

Sonra tələbələrin ifasında C.Məmmədquluzadənin və həyat yoldaşı Həmidə xanımın məktubları əsasında hazırlanan səhnə nümayiş olunub.

 

Tədbirdə yazıçı-publisistin yaradıcılığına dair müxtəlif mövzularda hazırlanan  məruzələr də dinlənilib.

           

Azərbaycan filologiyası fakültəsinin tələbəsi Sadəgül Baloğlanova Cəlil Məmmədquluzadənin “Olacaqsan” şeirini səsləndirib. Tələbələrin hazırladıqları “Anamın kitabı” əsərindən səhnə də nümayiş olunub. Tələbə Murad  Osmanlı Cəlil Məmmədquluzadənin obrazını yaradaraq, iştirakçılar qarşısında maraqlı çıxış edib.

           

Sonda tədbirdə fəal iştirak edən tələbələrə təşəkkürnamə təqdim olunub.

 

 



02.12.2019 | 16:45