Emin Hüseynov Bakı Ali Neft Məktəbində master-klass keçib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə olunması üzrə Tədris Mərkəzinin “Professional biznes müzakirələri” adlı sessiyaları çərçivəsində tələbələrə “Daha güclü, inkluziv və dayanaqlı inkişaf: Azərbaycanın nümunəsində” mövzusunda master-klass keçib.

 

Master-klassda maraqlı məqamlara toxunan E.Hüseynov  bir ölkənin iqtisadi cəhətdən inkişafında əsas üç amilə - daha güclü olmaq, inkluzivlik və dayanıqlılığa diqqət çəkərək, onlar arasında optimal balansın saxlanılmasının vacibliyini xüsusi qeyd edib. Daha sonra o, təqdimatında iqtisadi inkişaf və onun üç amilini 1995-2019-cu illər üzrə Azərbaycan nümunəsində izah edib: 1995-2004-cü illər - dirçəlmə və stabillik dövrü, 2005-2014-cü illər - neft bumu dövrü və 2014-2019-cu illər - post-neft dövrü.

 

“Əsas məsələ bundan sonra başlayır. Gələcəyə necə gedirik? Bundan sonrakı istiqamətimiz və hədəfimiz nədir, hansı strateji planlarımız var?  – bu sualların cavabını vermək lazımdır. Önəmli məsələlərdən biri də getdiyimiz yolda risklər və çətinlikləri müəyyən etməkdir. Daha nələr etmək, nələri düzəltmək olar ki, hədəfə çataq” - deyə E.Hüseynov fikirlərini BANM-ın tələbələri ilə bölüşüb.

 

Master- klass zamanı o, tələbələri maraqlandıran sualları da cavablandırıb.



02.12.2019 | 14:59