Biliklərdən bacarıqlara

Qloballaşan dünyanın gətirdiyi yeni reallıqlardan biri və bəlkə də  ən başlıcası əmək bazarının tələblərinə cavab verən yeni iş yerləri və onların hazırlıqlı, yüksəkixtisaslı mütəxəssislərlə təmin olunmasıdır. Həyat göstərir ki, sürətlə dəyişən əmək münasibətləri sistemində duruş gətirə biləcək mütəxəssis hazırlığında ali təhsillə yanaşı, peşə təhsilinin də üzərinə mühüm missiya düşür.  Bu cür situasiya isə kadr hazırlığında  peşə təhsilinin  rolu və əhəmiyyətini artırmaqdadır. Xidmət, istehsal və sənaye iş yerlərinin keyfiyyətli mütəxəssislərlə təmin  olunmasına necə nail olmaq olar? Peşə təhsili bu sahədə nə kimi rol oynaya bilər? Bütün bu suallara aprelin 30-da “Hyatt Regency Baku”  otelində  “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda keçirilən konfransda cavab tapmaq olardı.

 

Təhsil Nazirliyi, Avropa İttifaqı və “Hyatt Regency Baku” otelinin birgə təşkilatçılığı, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq keçirilən konfransda Təhsil Nazirliyi yanında  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev “Azərbaycanda peşə təhsilində islahatlar: biliklərdən bacarıqlara”  mövzusunda  təqdimat edib. 

 

Təqdimatda ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlar, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib,  peşə təhsilinin inkişafı üzrə  qəbul olunmuş dövlət sənədlərində bu sahənin prioritet əhəmiyyət daşıdığı,  bu sahəyə artan dövlət dəstəyi qeyd olunub. F.Mustafayev qeyd edib ki, Azərbaycanda təhsil sistemində və eləcə də onun  tərkib hissəsi olaraq peşə təhsili sahəsində aparılan  islahatlar artıq  hamıya tanışdır. Onun sözlərinə görə, 2016-cı ildə   ölkədə milli iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri müəyyənləşdi və onlardan  biri də  peşə təhsilinin  inkişafına dair  strateji  yol xəritəsi oldu. 

 

Peşə təhsilinə  olan diqqətin ən bariz nümunəsi  2016-cı il aprelin 20-də ölkə rəhbərinin  fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması oldu. Ötən 2 il ərzində bu sahədə xeyli iş görüldüyünü deyən Agentliyin  direktoru qeyd edib ki, ilk növbədə,  peşə təhsili sahəsində  qanunvericilik bazasının yaradılması  üzərində işlərə başlanıldı və  ölkə tarixində ilk dəfə olaraq “Peşə təhsili haqqında”  qanun Milli Məclis tərəfindən qəbul olundu.  Bu,  dünya təcrübəsinə əsaslanan, o cümlədən ənənəvi peşə təhsili sistemini də yaddan  çıxarmayan, ölkədə  peşə təhsilini  inkişaf etdirməyə imkan verən çox gözəl qanundur. 

 

 

Rasionallaşdırma işlərinə başlanılacaq

 

F.Mustafayev qeyd edib ki, “Peşə təhsili haqqında”  qanunun  qüvvəyə minməsindən sonra peşə  təhsil mərkəzlərinin şagirdləri də tələbə adlanacaqlar. “Bu, hesab edirəm ki,  peşə təhsilinin imicinin  artırılmasına böyük kömək edəcək. Peşə təhsilində çalışan insanların yaş həddi məhdudlaşmayacaq və orada 16-46 yaşında insanlar da təhsil ala biləcəklər. Bu baxımdan,  burada hər bir təhsilalanın tələbə adlanması insanların bu sahəyə gəlməsində psixoloji maneələri də aradan qaldırmağa imkan verir”.  Bundan başqa, bütün respublika üzrə rasionallaşdırma işlərinə başlanılacaq.  Bu, bir neçə peşə təhsil müəssisəsinin birləşməsi və regionlarda lazım olan yerlərdə yenilərin yaradılması istiqamətində aparılacaq tədbirlər planıdır.  “Biz demək olar ki,  yeni kurikulum  proqramlarını əmək bazarının tələblərinə cavab verən səviyyədə hazırlayırıq. Bu, peşə təhsilinin müasir tələblərə cavab verməsi üçün çox vacib şərtdir. Bütün dərsliklər  Asiya və Avropanın bir sıra ölkələrinin  qabaqcıl təcrübəsi nəzərə alınmaqla hazırlanıb”. Peşə təhsilinin  məzmununun inkişafı üçün də  işlər görülür.  Burada ümumi kurikulum əsaslı tədris proqramları hazırlanır,  təxminən 60 modulun hazırlanması üzərində iş gedir. Bu da peşə təhsilinin məzmununun demək olar ki,  kökündən müasir əsaslar üzərində qurulmasıdır. 

 

Uğurun yolu həm də peşə təhsilindən keçir

 

Agentlik direktoru bildirib ki, ölkənin iqtisadi qüdrətini  qaldırmaq,   ölkəyə valyuta idxalını artırmaq üçün peşə təhsilinin  inkişafı  danılmazdır. Bugünkü tədbirin də məqsədlərindən biri valideynlərə göstərməkdir ki,  uğurun yolu təkcə ali təhsildən deyil,  həm də peşə təhsilindən keçir. “Biz müəyyən etdik ki,  əgər əvvəllər peşə təhsilinin bir səviyyəsi  mövcud idisə,   indi  biz peşə təhsilinin 3 səviyyəsini - ilk peşə-ixtisas, texniki peşə təhsili və yüksək peşə təhsili müəyyənləşdirmişik”.  Bu o deməkdir ki,  bu  gün peşə təhsilində oxuyan insanlara imkan yaranır ki,  istədiyi halda peşə təhsilində  bütün pillələrdə təhsil almaqla daha  çox öz gələcəklərinin  təminatçısı ola bilərlər.  F.Mustafayevin sözlərinə görə,  sadəcə biliklər insanlara  həyatda yer tutmaq üçün kifayət etmir. Biliklər bacarıqlara, səriştələrə çevrilməlidir. Bacarıqları əldə etmək üçün isə peşə təhsili ən düzgün, ideal seçimdir.  Biz dünyada mövcud olan bütün təcrübələri ölkəmizə gətirmək istəyirik.  Bu təcrübələrdən yararlanmaqla hesab edirik ki,  övladlarımız elə bacarıqlara sahib olmalıdırlar ki,  nəinki Azərbaycanda,  yaxın və uzaq ölkələrdə belə özlərinə iş tapıb həyatlarını qura bilsinlər.  “Bizim əsas işimiz yeniliklər, innovasiyalar istiqamətində olmalıdır. Çünki ənənəvi ixtisaslarla yanaşı bütün dünyanı  irəli aparan, iqtisadiyyatı dirçəldən  yüksək texnoloji biliklərə sahib olmaq istiqamətində  bütün qurumlar, eləcə də təhsil müəssisələrinin də rolu olmalıdır”. 

 

Maarifləndirməyə güclü ehtiyac var

 

Konfransda “Ümumtəhsil müəssisələrində peşəyönümü işinin səmərəliliyi üçün maarifləndirmənin aparılması” mövzusunda çıxış edən  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  (BŞTİ) müdiri Məhəbbət Vəliyeva qeyd edib ki,  tədbirin əsas mahiyyəti   peşə təhsilinin  təbliğini aparmaqdır. Peşə təhsilinin dövlət strategiyasında yer alması,  növbəti mərhələdə isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin  yaradılması bu məsələnin nə dərəcədə önəmli və diqqət mərkəzində olmasından xəbər verir. Peşə təhsilində maarifləndirməyə güclü ehtiyacın olduğunu deyən M.Vəliyeva  qeyd edib ki, inkişaf etmiş bir sıra ölkələrdə ibtidai təhsilin sonunda   ibtidai sinif müəllimi şagirdin gələcək istiqamətini müəyyənləşdirir. Belə ki, müəllimin  şagirdin gələcəkdə  hansısa universitetdə təhsil alması barədə bir rəyi olur. Bu rəy  dəyişə də bilər, amma əksər hallarda öz təsdiqini  tapır.  Niyə məhz ibtidai təhsil  pilləsində? Çünki  məhz ibtidai sinif müəllimləri şagirdlərə  müxtəlif fənləri tədris etməklə yanaşı  onların  bacarıq və qabiliyyətlərini,  meyil və maraqlarını  da öyrənirlər.  Buna görə də məktəb rəhbərliyinin də bu məsələni diqqətdə saxlaması çox vacibdir.

 

Konfransda daha sonra peşəyönümü işinin aparılması strategiyası, peşəyönümü işinin təbliği, peşə təhsilində dövlət-özəl əməkdaşlığı mövzularında təqdimatlar olub.  İştirakçılar peşə təhsili müəssisələrinin məzunlarının uğur hekayələri  ilə tanış olublar.

 

Tədbirin sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Hyatt Regency Baku” oteli arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

 

Oruc MUSTAFAYEV

 

 

 

 

 

 

 



04.05.2018 | 12:00