Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi BDU-da

Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Haulin Jao ilə görüş keçirilib.

 

Rektor Elçin Babayev Azərbaycanda telekommunikasiya sahəsində mövcud vəziyyət, eyni zamanda qarşıya qoyulmuş vəzifələr barədə məlumat verib.

 

Bakıda keçirilən XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” sərgisinin əhəmiyyətini vurğulayan rektor, artıq ənənəyə çevrilmiş sərgiyə bu il daha çox ölkənin qatıldığını vurğulayıb. Bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı gənclərin həyatında, eləcə də beynəlxalq əlaqələrin intensivliyinin artmasında mühüm rol oynayır.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək, Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqının 193 üzvündən biri olduğunu bildirib. Həmçinin Azərbaycanın BTİ-də yüksək səviyyədə təmsil olunduğunu və əlaqələrin genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd edib. O, bu görüşü BDU-nun 100 illik yubileyi çərçivəsində keçirilən görüşlərin davamı kimi qiymətləndirib; Çağdaş dövrün  informasiya texnologiyaları əsri olduğundan,  tələbələrə zamanı düzgün dəyərləndirməyi də tövsiyə edib.


Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət göstərildiyini deyib. Azərbaycanın eləcə də dünyanın İKT sahəsində çoxsaylı aparıcı şirkətlərlə tərəfdaşlıq əlaqələri qurduğunu qeyd edən Haulin Jao BDU tələbələrini də innovativ layihələrlə beynəlxalq sərgilərdə təmsil olunmağa çağırıb.



05.12.2019 | 15:41