Slovakiyalı dəmiryol mütəxəssisləri AzMİU-da tələbələrə təlim keçəcək

Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəqliyyat fakültəsinin və  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin  birgə təşkilatçılığı ilə adıçəkilən fakültənin  tələbələri üçün “Dəmiryol qurğuları” adlı təlimlər təşkil olunub.

Universitetdən verilən məlumata görə,  açılış mərasimində Çexiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi  Jan Jindrich,  Slovakiyanın  “Prospol” şirkətinin mütəxəssisləri Yozef  Hovanets, Martin Kozak, Mixal Şmalo, universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov, beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə universitetdə təşkil edilən bu təlimlərin tələbələr üçün əhəmiyyətinə diqqət çəkib. Hazırda dəmiryolları və magistral yollarda savadlı və bacarıqlı mütəxəssislərə ehtiyac duyulduğunu vurğulayan dekan  tələbələri Slovakiyanın  “Prospol” şirkətinin təlimlərində fəal iştirak etməyə çağırıb. O, təlimləri uğurla başa vuran tələbələrin sonda şirkət nümayəndələri tərəfindən böyük layihələrə cəlb ediləcəyini, hətta işlə təmin olunacaqlarını söyləyib.

Çexiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi  Jan Jindrich bildirib ki,  Slovakiyanın  “Prospol” şirkətinin mütəxəssisləri tərəfindən aparılacaq  təlimlər 2018-ci ilin sonuna qədər davam edəcək. Təlimlərin sonunda dərsləri uğurla başa vuran tələbələr sertifikat və diplomlarla mükafatlandırılacaqlar.

Məlumat üçün qeyd edək ki, AzMİU-da təlimləri aparan “Prospol” şirkətinin mütəxəssisləri Yozef Hovanets, Martin Kozak, Mixal Şmalo 2011-ci ildən Azərbaycanda dəmir yollarının əsaslı təmiri layihəsinin iştirakçılarıdırlar.

 

Samirə KƏRİMOVA



22.02.2018 | 11:30