“Qələmin əfsunu”

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Yazıçılar Birliyinin sədri,  görkəmli ictimai-siyasi xadim Anarın yaradıcılığına həsr olunmuş “Qələmin əfsunu” adlı tədbir keçirilib.

 

BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, böyük həyat məktəbi, zəngin yaradıcılıq yolu keçən Anar Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafında və təbliğində əvəzsiz xidmətlər göstərib.

 

“Onun yüksək səviyyəli əsərləri xalqımızın mənəviyyatının zənginləşməsində, mədəni inkişafında, milli özünüdərkində və milli özünəqayıdışında mühüm rol oynayıb. Anarın qeyri-adi əsərlərində böyük obrazlar qaleriyası var. Anar, həm də istedadlı rejissor və ssenarist kimi tanınır. Vətənpərvər ziyalı olaraq daim xalqımızın milli maraq və mənafelərini müdafiə edib, mürəkkəb və çətin vəziyyətlərdə əsl ziyalı,  vətəndaş mövqeyi ortaya qoyub. Anarın xalqımızın taleyüklü problemlərinə həssas, obyektiv və prinsipial münasibət göstərməsi hamımızda böyük razılıq hissi doğurur. O, cəmiyyətimiz üçün əsl ziyalılıq, vətəndaşlıq nümunəsidir”-deyən rektor  Anara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.

       

Tədbirdə BSU tərəfindən Anar haqqında hazırlanmış sənədli film nümayiş etdirilib. Daha sonra  BSU-nun tələbə-gənclərinin hazırladığı bədii kompozisiya göstərilib, tələbələrin ifasında yazıçının şeirləri, onun şeirlərinə həsr olunmuş mahnılar səsləndirilib.

 

Tədbirdə çıxış edən Xalq yazıçısı Anar  müasir Azərbaycan və dünya ədəbiyyatının problemlərindən söz açaraq maraqlı mövzulara toxunub, tələbə-gənclərə bədii ədəbiyyat oxumağı tövsiyə edib, tədbir  iştirakçılarının suallarını  cavablandırıb.

 



06.12.2019 | 18:26