Birincilərin “Əlifba bayramı”

Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə I “a” və I “b” siniflərində “Əlifba bayramı” keçirilib. Tədbirdə təhsil şöbəsinin nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər. Tədbir Dövlət himninin səslənməsi ilə  başlayıb.

 

Məktəbin direktoru Təranə Babayeva yeni təhsil sisteminin gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişməsinə xidmət etdiyini bildirib. O, birincilərə yaxşı oxumağı, Vətənə layiqli övlad kimi yetişməyi tövsiyə edib.

 

Müəllimlər birincilərin ilk sevinci - “Əlifba bayramı” münasibətilə onları təbrik edib və şagirdlərinə biliklərin açarı olan Əlifbadan başlayaraq bütün kitabları sevməyi və səylə biliklərə yiyələnməyi, Vətəni sevən, savadlı vətəndaş olmağı arzulayıb.

 

Birincilər isə öz növbələrində şeir deyib,  mahnı oxuyub, rəqs edib və kiçik səhnəciklərlə tədbiri rövnəqləndiriblər.

 

Xalid NƏCİYEV,

Saatlı Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 

 



04.05.2018 | 18:40