Qida təhlükəsizliyi ilə bağlı müzakirə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qida Təhlükəsizliyi İnstitutunun direktor müavini Camal Quliyevin rəhbərlik etdiyi işçi qurupla Kimya mühənsiliyi və Ekologiya mühəndisliyi ixtisasları tələbələrinin görüşü keçirilib.

 

Qida Təhlükəsizliyi İnstitutunun direktor müavini Camal Quliyev qida təhlükəsizliyinin önəmindən danışaraq bildirib ki, 2017-ci ildə dövlət başçısının sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradıldıqdan sonra bu sahədə mərkəzləşdirilmiş nəzarət mexanizmi qurulub, qida təhlükəsizliyinin təminatı kifayət qədər təkmilləşdirilib.

 

Sözügedən sahədə mövcud çatışmazlıqların aradan qaldırılmasının önəmindən danışan C.Quliyev ixtisaslı mütəxəssislər, tələbələr və gənclərin köməyinə ciddi ehtiyac olduğunu deyib. O əlavə edib ki, artıq ADNSU ilə bu istiqamətdə əməkdaşlıq aparılır. Yeni layihəyə əsasən, universitetdə uyğun ixtisaslarda təhsil alan tələbələr, könüllülər  Qida Təhlükəsizliyi İnstitutunda və agentlikdə təcrübə keçərək bilikləri yoxlanıldıqdan sonra konkret əməkdaşlığa cəlb olunacaqlar.

 

Qeyd edək ki, ADNSU-da artıq Qida mühəndisliyi ixtisası yaradılıb və növbəti tədris ilindən bu ixtisas Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasında tədris olunacaq. 

 

Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.



16.12.2019 | 11:10