“Nəsimi-650” kitabının təqdimatı

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı təşkil edilən silsilə tədbirlərin davamı olaraq “Nəsimi-650” kitabının təqdimatı keçirilib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. 

 

“Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir”-deyə rektor qeyd edib.  

 

Sonra Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova  “Nəsimi-650” kitabını təqdim edib. O, kitabdakı məqalələrin rus, ingilis və fransız dillərinə tərcümə olunmasında Xarici dillər mərkəzinin fəaliyyəti və rolu olduğunu bildirib. Silsilə tədbirlərin keçirilməsində tələbələrin yaxından  iştirakı da qeyd edilib.

 

Tədbirdə Nəsimiyə həsr olunmuş slayd nümayiş etdirilib.



16.12.2019 | 12:29