Naxçıvan Bölməsinə 55 adda əlyazma və kitab hədiyyə olunub

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunan 12 əlyazma və çap kitabının təqdimatı keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev muxtar respublika ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının tariximizin,  mədəniyyətimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləyib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Onun sözlərinə görə, müxtəlif tarixi qaynaqları əhatə edən nadir sənət əsərləri bir çox sahələrin öyrənilməsində yeni mənbə rolunu oynayır.

 

İ.Hacıyev cari ildə Mədəniyyət Nazirliyi tərəfindən, ümumillikdə 55 adda əlyazma və kitabın bölməyə hədiyyə edildiyini diqqətə çatdırıb.

 

Sonra Naxçıvan Mədəniyyət Nazirliyi aparatının rəhbəri Piri Nağıyev regionda mədəniyyətə, xalq yaradıcılığının inkişafına dövlət tərəfindən daim yüksək qayğı göstərildiyini deyib, muzeylərin yaradılması ilə bağlı imzalanan sərəncamların əhəmiyyətindən danışıb,  gələcəkdə də bölmə ilə nazirlik arasında bu cür tədbirlərin davam etdiriləcəyini bildirib.

 

Daha sonra Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov rəhbərlik etdiyi müəssisənin apardığı tədqiqatlarla bağlı məlumat verərək, tədbir iştirakçılarını yeni əlyazma və çap kitabları ilə yaxından tanış edib. Bildirib ki, hədiyyə olunan nəşrlər arasında ərəb və fars dillərində dini mövzularla bağlı “Risalə” əlyazması, “Qurani-Kərim”in dörd nüsxəsi, Bəhaəddin Məhəmməd Amilinin  “Cameyi-Abbasi”, eləcə də müxtəlif tarixi, dini hekayələr toplusu və digər kitablar var. 

 



16.12.2019 | 13:33