Şirməmməd Hüseynovun barelyefinin açılış mərasimi

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat tarixi kafedrasının qarşısında görkəmli  alim, professor, mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun barelyefinin açılış mərasimi olub.

 

BDU-nun rektoru Elçin Babayev jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Şirməmməd Hüseynovun zəngin yaradıcılıq yolundan danışıb. Bildirib ki, alimin həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. “Gənc jurnalistlərin yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Şirməmməd müəllim elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirib. O, hər zaman tələbələrlə müəllimləri bir komanda kimi ətrafında birləşdirə bilib…Bu gün Şirməmməd müəllimin üzün illər çalışdığı kafedranın qarşısında onun barelyefini açırıq. Hər dəfə bu barelyefi görərkən biz onu yenidən yad edəcəyik. Hazırda Şirməmməd müəllimin işi davam etdirilir. Çünki o, Azərbaycan jurnalistikasının tarixini araşdıraraq, çox böyük elmi irs qoyub”-deyə E.Babayev bildirib.

 

Alimin qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Bakı Dövlət Universitetinin atası üçün müqəddəs məkan olduğunu və bu ali təhsil ocağını evi qədər sevdiyini söyləyib. Onun sözlərinə görə, Ş.Hüseynov Bakı Dövlət Universitetini Azərbaycanın kiçik modeli hesab edirdi.

 

Ş.Hüseynovun ömür-gün yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova görülən işə görə hər kəsə minnətdarlığını bildirib: “Əsl alim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha şahidi oldum ki, Şirməmməd müəllimin dərs dediyi, hətta dərs demədiyi tələbələr onu çox sevir. Mən onların xatirələrini oxuyanda çox kövrəlirəm. Həqiqətən həyatda iz salan insanlar varmış və mən bunun canlı şahidiyəm. Şirməmməd Hüseynov nə az, nə çox düz 74 il Bakı Dövlət Universitetində çalışıb ki, bu, hər kəsə nəsib olan xoşbəxtlik deyil. O, ömrünün son gününə qədər işdən ayrılmadı. Onun xatirəsini belə sevinclə, məhəbbətlə yad etdiyinizə görə hamınıza təşəkkür edirəm”.

 

Tədbirdə iştirakçılar Ş.Hüseynovun kitabları ilə də tanış olublar. Onlara alimin 95 illiyi münasibətilə “525-ci qəzet”in hazırladığı “Ustad” xüsusi buraxılışı təqdim edilib.

 

Sonra tədbir BDU-nun tədris-televiziya studiyasının dəyirmi zalında davam edib.



17.12.2019 | 15:56