Türkiyədə möhtəşəm Xocalı abidəsi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri, türkiyəli iş adamı Əhməd Baba ilə görüş olub.

 

İnstitutdan verilən məlumata görə, tədbiri akademik Yaqub Mahmudov açaraq  ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladıb və  Azərbaycan-Türkiyə qardaşlığından danışıb: “Dostluq və qardaşlıq Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərini təşkil edir. Türkçülüyün vətəni Azərbaycandır. Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb”.

 

Türkiyəli iş adamı Əhməd Baba deyib ki, Türkiyə-Azərbaycan ən ağır dönəmlərində bir-birlərinə dəstək olublar və bu gün hər iki dövlətin münasibətləri dünya üçün bir nümunədir.

 

Görüş çərçivəsində Ankara şəhərində tikintisi başlanan Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsi barədə məlumat verilib. Bu kompleks Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən, universitet ərazisində fəaliyyət göstərəcək. Layihə Tarix İnstitutunun elmi dəstəyi ilə həyata keçirilir.

 

Əhməd Babanın sözlərinə görə, bu layihə Xocalı dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. Məlumat verilib ki, 1,5 hektar ərazidə Xocalı şəhidlərinin sayına uyğun olaraq 613 ağac əkiləcək.

 

Orada ilk ağaclar 2018-ci ilin fevralında Xocalı soyqırımının ildönümündə əkilib. Parkda sonsuzluq işarəsi formasında yaradılacaq abidə Azərbaycan-Türkiyə qardaşlığını, Türkiyənin Xocalı soyqırımı məsələsində sonadək Azərbaycanla həmrəy olduğunu simvolizə edir. Kompleksin tikintisinin 2021-ci ildə başa çatdırılması planlaşdırılır. Esenboğa Hava Limanının yaxınlığında yaradılan kompleks enmə və qalxma zamanı təyyarələrdən aydın görünəcək. Kompleksdə Xocalı şəhidlərinin adlarının əks olunduğu qranit ulduzlar olacaq.

 

Sonda Y.Mahmudov Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinə institutun nəşrlərini təqdim edib.

 



18.12.2019 | 09:14