Tələbələr “Tufandağ” xizək qış-yay istirahət kompleksində təlimdə

Mingəçevir Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan 35 tələbəsi “Tufandağ” xizək qış-yay istirahət kompleksində təlim səfərində olub.

 

Səfər çərçivəsində onlar “Qış turizminin təşkili” mövzusunda seminarda iştirak ediblər. Qəbələ rayonunda yerləşən “Tufandağ” xizək qış-yay istirahət kompleksinin təcrübəli mütəxəssisləri tərəfindən aparılan təlimdə tələbələrə son illərdə ölkəmizdə qış turizminin inkişafı, otelçilik, insan resurslarının idarə edilməsi, müştəri xidmətləri, otellərin beynəlxalq əlaqələri, qonaqların qeydiyyatı, oteldəki otaqların kateqoriyaları və digər xidmətlər barədə faydalı praktiki biliklər verilib.

 

Həmçinin, hər il Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı və bu tədbirin Azərbaycanın turizm ölkəsi kimi tanınmasına verdiyi töhfə, beynəlxalq aeroportun və rəngarəng ekoloji turizm marşurutlarının mövcudluğunun əhəmiyyəti, tarixi abidələrin və zəngin adət-ənənələrin turizmin inkişafındakı rolu barədə ətraflı məlumat çatdırılıb.

 

“Qafqaz Riverside Hotel”də keçirilən görüşlərdə tələbələr turizm işinin təşkili, həyata keçirilən marketinq tədbirləri və zəngin Azərbaycan mətbəxinin turizmin inkişafı baxımından yaratdığı geniş imkanlarla da yaxından tanış olublar. Tələbələrin çoxsaylı sualları mütəxəssislər tərəfindən praktiki nümunələrlə cavablandırılıb.

 

Ecazkar gözəlliyə malik Nohurgöllə tanışlıq və orada keçirilən görüş tələbələrin böyük marağına səbəb olub.

 



18.12.2019 | 16:42