Nürnberq prosesində tərcüməçilik edən azərbaycanlı alim

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Ələsgər Məmmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunan “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

 

Rektor Elçin Babayev görkəmli ərəbşünas alimin həyatı və fəaliyyətindən danışıb, bildirib ki, Ə. Məmmədov 1941-ci ildə Şərq dillərini öyrənmək üçün Moskvaya göndərilib və 1944-cü ildə Moskva Şərqşünaslıq Universitetinin ərəb dili üzrə hərbi şöbəsini bitirib. 1945-ci ilin fevral ayından SSRİ Xarici İşlər Nazirliyində referent kimi əmək fəaliyyətinə başlayıb. 1945-1946-cı illərdə yüksək savadlı alman dili mütəxəssisi olaraq Nürnberq prosesində tərcüməçi kimi fəaliyyət göstərib.

 

E.Babayev Ə.Məmmədovun ərəb, fars, alman, ingilis, fransız, rus dillərini mükəmməl bildiyini vurğulayaraq,  onun ərəb dilini öyrətmək metodunu qeyri-adi bacarıq adlandırıb və bu dilin tədrisinə gətirdiyi yenilikdən danışıb.

 

İclasda professorun həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.

 

Sonra Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov “Azərbaycanda müasir ərəbşünaslığın banisi” mövzusunda məruzə ilə çıxış edib. Ə.Məmmədovun onlarla elmi məqalənin,  orta və ali məktəblər üçün Azərbaycan və rus dillərində yazılmış 30-dan çox ərəb dili dərsliyinin müəllifi olduğunu deyən E.Əzizov elmi və metodoloji cəhətdən yüksək səviyyəyə malik olan bu dərsliklərdən, nəinki Azərbaycanda, eyni  zamanda, Dağıstan, Tatarıstan, Orta Asiya respublikaları və digər şərqşünaslıq mərkəzlərində istifadə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bir pedaqoq kimi, o, əvəzsiz idi, çünki dərs prosesində bu çətin dili öyrədərkən ciddi tələbkarlığı ilə yanaşı, incə yumoru ilə tələbələrində zehni yüngüllük yaradardı. 

 

Tədbirdə BDU-nun Ərəb filologiyası kafedrasının professoru Aida Qasımovanın “İmruu-l-Qeysin bir qitəsində əfsanə, tarix və Azərbaycanla səsləşən məqam” mövzusunda məruzəsi dinlənilib.

 

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, AMEA-nın Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov, akademik Nərgiz Axundova, ssenarist Rəfiqə Məsud alimlə bağlı xatirələrini bölüşüblər.



19.12.2019 | 11:20