Muğamın klassik amerikan caz musiqisi ilə sintezinin yaradıcısı

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Vaqif Mustafazadə adına mədəniyyət-xeyriyyə fondu, Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin yaradıcılığına həsr olunan tədbir keçirilib.

 

Bakı Musiqi Akademiyasının dosenti, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva bildirib ki, Vaqif Mustafazadə sənətkar ifası, novatorluğu ilə Azərbaycan caz musiqisinə yeni, orijinal üslub gətirərək, yaşadığı qısa bir zaman məsafəsində dünyanı heyrətləndirə bilib.

 

“Yaradıcılığa kiçik yaşlarından başlayan Vaqif Mustafazadənin sənət uğurları onun sənət fəaliyyətini bəzəyib. Belə ki, sənətkar musiqisi ilə dünyaya səs salıb. Onun adı Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin yaradıcısı olaraq sənət tarixinə həkk olunub. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi caz-muğam kimi qiymətləndirilib. Sənətkarı Azərbaycan muğam-caz hərəkatının memarı da adlandırırlar. Vaqif Mustafazadə zaman anlayışına sığmayan bir insan idi”-deyə T.Məmmədəliyeva V.Mustafazadənin  gözəl pianoçu olmaqla yanaşı, həm də çoxsaylı caz əsərləri yaratmış istedadlı bir bəstəkar kimi yaddaşlara iz saldığını vurğulayıb.  

 

Tədbirin bədii hissəsində Vaqif Mustafazadənin “Yollar”, “Mart”, “Düşüncə”, “Gəlmədi-Morning”, “Görüşlər”, “Ömrün səhifələri”, “Tam tənha”, “Bayatı Şiraz” və s. əsərləri ifa edilib.



19.12.2019 | 14:38