Həmrəylik gününə həsr olunan bilik yarışması

Naxçıvan Dövlət Universitetində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan bilik yarışması keçirilib.

 

İqtisad fakültəsinin təşkil etdiyi intellektual oyunun əvvəlində fakültənin dekanı, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov həmrəylik gününün tarixinə qısa nəzər salıb. Bildirib ki, dünyada yaşayan milyonlarla azərbaycanlının bu günü qeyd etməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

 

Mühasibat uçotu və audit ixtisası üzrə III kurs tələbəsi Əli Əliyev yarışın qaydaları haqda məlumat verib.  Əsas suallar tarixi günə aid olsa da, Ümummilli liderin siyasi, dövlətçilik fəaliyyəti ilə də bağlı tələbələrin bilikləri yoxlanılıb.

 

Qeyd edək ki,  2 turdan ibarət yarışda 5 komanda iştirak edib. “Qarabağ”, “Azadlıq”, Nuh yurdu”, “İstiqlal”, “Əlincə” komandalarının qatıldığı bilik yarışmasında  İqtisadiyyat ixtisası üzrə I kurs tələbələrindən ibarət  “Azadlıq” komandası qalib olub. Sonra qalib komandanın iştirakçıları universitetin diplom və hədiyyələri ilə mükafatlandırılıb.

 

Tədbir həmrəylik günü və Yeni il münasibətilə təşkil edilən bədii hissə ilə davam edib.



19.12.2019 | 17:41