Tehran Tibb Universitetinin əməkdaşları ATU-nun klinikalarında

Tehran Tibb Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında olub.

 

ATU-dan  bildiriblər ki, qonaqlara klinikadakı yeniliklər, şöbələrdə istifadə olunan avadanlıqlar və s. barədə ətraflı məlumat verilib.

 

Klinikanın direktoru, professor Surxay Hadıyev burada hazırda 800-dək tələbənin, 300-dən çox rezidentin təcrübə keçdiyini bildirib.

 

Tehran Tibb Universitetinin qlobal strategiyalar və beynəlxalq işlər üzrə prorektoru, professor Ramin Kordi təmsil etdiyi universitetdən bəhs edib, hər iki ali təhsil ocağı arasında həkim, tələbə, rezident, o cümlədən təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunub.

 

Tərəflər bu istiqamətdə atılacaq hər hansı addımın təqdirəlayiq olduğunu qeyd ediblər.

 

Qonaqlar klinikanın bir sıra şöbələrinin iş şəraiti və ümumi vəziyyəti ilə yaxından tanış olublar.

 

Sonra İran nümayəndə heyəti ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovla görüşüb. Prorektor qonaqlara məlumat verib ki, ATU-da 1300-ə yaxın akademik personal çalışır, onlardan 343-ü tibb elmləri doktoru, dosent, təqribən 140 nəfər isə professordur. ATU xarici tələbələrin ən çox təhsil aldığı universitetlər sırasındadır. Bu universitetdə təhsil alan əcnəbi tələbələr arasında İran vətəndaşları üstünlük təşkil edir.

 

Prorektor tələbələrin rahat şəkildə təcrübə keçmələri üçün ATU-nun nəzdində müasir avadanlıqlarla təchiz edilmiş digər klinikaların da olduğunu diqqətə çatdırıb.

 

Sonra tərəflər həkim, tələbə və təcrübə mübadiləsi, bir sıra məsələlərlə bağlı söhbət edib, gələcəkdə görüləcək işlərdən danışıblar.

 

Qonaqlar, həmçinin ATU-nun Tədris Terapevtik Klinikasına da baş çəkiblər. Onlar hər iki klinikadakı vəziyyətdən razı qaldıqlarını bildiriblər.



19.12.2019 | 19:40