Botanika İnstitutu və Botanika bağının yaradıcısı

AMEA-nın Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə Botanika İnstitutunun ilk direktoru, akademik Aleksandr Alfonsoviç Qrossheymin 130 illik yubileyinə həsr olunan "Müasir botanikada innovasiya və ənənələr" mövzusunda gənc alim və  mütəxəssislər üçün elmi konfrans keçirilib.

 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova akademik A.A. Qrossheymin həyat və fəaliyyətindən,  ölkəmizdə botanika elminin inkişafındakı xidmətlərindən danışıb. O bildirib ki,  alim uzun illər Qafqazın, o cümlədən, Azərbaycanın bitki ehtiyatları, bitkiçiliyi və florası üzrə geniş tədqiqat işləri aparıb, bitki sistemati­kası, faydalı bitki ehtiyatlarının öyrə­nilməsi problemlərinə xüsusi diqqət ayırıb. İ.Hüseynova söyləyib ki, akademik respublikada  Botanika İnstitutu və Botanika bağı kimi elmi tədqiqat mərkəzlərini yaradıb. Alimin indiyədək istifadə olunan fundamental əsərləri təsdiq edir ki, Azərbaycan florasının tədqiqi sahəsində qoyduğu miras sonrakı botaniklər nəslinin inkişafında böyük rol oynayıb.

 

Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə A.A. Qrossheymin elmi-pedaqoji və təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edib.

 

Onun sözlərinə görə, təbii sərvətlərimizin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması, A.A. Qrossheymin irsinin və ideyalarının gənclər arasında təbliği, ətraf mühitin mühafizəsi sahəsində yüksək ixtisaslı kadrların formalaşdırılması və bu sahədə gənclərin cəmiyyətdə rolunun artırılması institutun əsas fəaliyyət istiqamətidir.

 

Tədbir çərçivəsində Azərbaycan Botaniklər Cəmiyyəti ilə Azərbaycan Fizioloqlar Cəmiyyəti arasında ikitərəfli elmi-əməkdaşlığa dair memorandum da imzalanıb.

 

Daha sonra akademik A.A. Qrossheymə həsr olunan sənədli film nümayiş etdirilib.

 

Konfransın  ikinci hissəsi gənc alim və mütəxəssislərin iştirakı ilə keçirilən elmi seminarla davam edib. Seminarda müxtəlif mövzularda çıxışlar və poster məruzələr dinlənilib, geniş elmi müzakirələr aparılıb. Sonda məruzələr üzrə müsabiqə keçirilib. Təşkil olunan komissiyanın qərarı ilə qalib iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.



24.12.2019 | 11:25