“Aselsan-Bakı”da təqaüdlü təcrübə proqramı davam edir

Azərbaycan Texniki Universiteti (AzTU) Tədris hissəsinin nəzdində fəaliyyət göstərən Karyera Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) əməkdaşları universitetin “Aselsan-Bakı”da təcrübə proqramı keçən tələbələrinin iş prosesini izləmək məqsədilə şirkətdə olublar.

 

“Aselsan-Bakı” şirkətinin direktoru Özgür Kürüm bildirib ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Sistem mühəndisliyi”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə təhsil alan III və IV kurslardan 10 tələbənin təqaüdlü təcrübə proqramı uğurla davam edir. Özgür Kürüm AzTU tələbələrinin  nəzəri biliklərinin yüksək olduğunu və onların səriştə əsaslı dual təlimi yaxşı qavradıqlarını deyib. Şirkət rəhbəri gələcəkdə təcrübə proqramı üçün tələbələrin sayının artırılmasına ehtiyac olduğunu da diqqətə çatdırıb.

 

Qeyd edək ki, “ASELSAN-Bakı”nın qurucusu Türkiyə hərbi sənaye kompleksinin lokomotivi olan ASELSAN şirkətidir. Şirkət Azərbaycanda 1998-ci ildə dövlət qeydiyyatından keçib. “ASELSAN-Bakı”nın əsas fəaliyyətini ASELSAN istehsalı olan mülki rabitə cihazları  və  s. radioelektronika sistemlərinin satışı,  təmiri, onlara texniki dəstəyi əhatə edir.



24.12.2019 | 17:00